İranla gömrük postunda insident: Ölkəmizə qayıdan şəxsdə narkotik necə tapıldı? — Məhkəmə sənədləri

KRİMİNAL 13 yan 2021, 11:40
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan 1981-ci il təvəllüdlü İdrak Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İdrak Məmmədov 1 may 2019-cu ildə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edən, üzərində «F/M40» nişanəsi olan 1 həb və üzərində «F/M20» nişanəsi olan 1 həb olmaqla, 2 həb metadonu əldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək hərəsində 1 ədəd olmaqla iki bükümə qablaşdırıb boynundan asdığı parçadan olan eynək qabının içərisində gizlədib.

İdrak Abbasov həmin tarixdə saat 17 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirib. O, gömrük nəzarətindən keçərkən özünü şübhəli apardığına görə şəxsi yoxlama aparılması üçün yoxlama otağına aparılarkən narkotik vasitəni gizlətdiyi yerdən çıxararaq yoxlama otağında olan seyfin üzərinə atarkən gömrük əməkdaşları tərəfindən aşkar edilib.

İstintaq orqanı tərəfindən İdrak Məmmədovun barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İdrak Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, hərdən-bir ev üçün bazarlıq etmək, həmçinin Azərbaycan Respublikasında satmaq üçün ərzaq məhsulları almaq məqsədi ilə İran İslam Respublikasına gedib-gəlib.

İdrak Məmmədovun sözlərinə görə,01 may 2019-cu il tarixdə günorta saatlarında Astara gömrük postundan keçərək İran İslam Respublikasının Astara şəhərinə gedib: “Bazarlıq etdikdən sonra həmin gün saat 17 radələrində geri qayıtdım. Piyada yolla Astara gömrük postuna daxil oldum. Yoxlama xəttində bir nəfər gömrük işçisi məni saxlayıb, şifahi sorğu-sual apararaq, üstümdə, əl yükümdə və ya daxili orqanlarında qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətindən gizlədilmiş mallar, narkotik vasitələr, psixotrop maddələr, silah-sursat, qızıl və digər zinət əşyaları, dərman preparatları və s. olub-olmadığını soruşdu. Belə əşyalar olmamasını bildirdim. Metalaxtaran qurğudan keçdikdən sonra gömrük işçisi bildirdi ki, üzərində şəxsi yoxlama aparılacaqdır. Bu məqsədlə məni yoxlama yerində olan bir otağa apardılar. Otaqda olarkən gömrük işçisi mənə dedi ki, otaqda olan seyfin üstünə atdığı nədir?. Gömrük işçisinə dedim ki, mənim heç nədən xəbəri yoxdur. Daha sonra gömrük işçisi iki nəfər şahid dəvət edib, onların iştirakı ilə həmin bükümləri atıldığı yerdən götürərək baxış keçirdilər. Həmin bükümlərə baxış zamanı bir ədəd bükümdə bir ədəd qəhvəyi rəngli, birxətli, yumru formalı, üzərində “F/M40” yazısı olan həb, digər bükümdə isə bir ədəd qəhvəyi rəngli, birxətli, yumru formalı, üzərində “F/M20” yazısı olan həb olduğu məlum oldu. Şəxsi yoxlama zamanı üzərimdən, həmçinin xəstəxanada rentgenoloji müayinə nəticəsində daxili orqanlarımda qanunla qadağan olunmuş heç bir predmet aşkar edilmədi. Yoxlama tam başa çatdıqdan sonra gömrük işçiləri mənim və şahidlərin iştirakı ilə həmin iki ədəd bükümdə olan həbləri götürdü, gömrük idarəsində bir otağa gətirdilər. Orada mənim və şahidlərin iştirakı ilə müvafiq sənədləşmə aparılmaqla qablaşdırıb möhürlədilər. Heç bir narkotik vasitə və sair əşya üzərindən çıxararaq atmamışam. Həmin bükümləri gömrük işçisi mənə göstərdikdən sonra görmüşəm. Bir ay əvvələ qədər narkotik vasitə heroin istifadə etmişəm, hal-hazırda istifadə etmirəm”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İdark Məmmədov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İdrak Məmmədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə İdrak Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top