Peyvənd insanı neçə müddət qoruyur? — “Moderna” açıqladı

MARAQLI 12 yan 2021, 23:38
“Moderna” şirkətinin istehsal etdiyi koronavirus peyvəndi insanda bu virusa qarşı ən az bir illiyə immunitet yaradır.

Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, peyvəndin istehsalçısı bunu yanvarın 11-də açıqlayıb.

“Moderna” (“Modified RNA”nın qısaldılmış forması) ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən biotexnologiya şirkətidir. 2010-cu ildə təsis olunub.

Şirkət koronavirus əleyhinə vaksinin hazırlanması prosesinə 2020-ci ilin yanvarından başlayıb.

Mart ayında ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya (FDA) “Moderna”nın koronavirus vaksini üzrə klinik sınaqlara keçməsinə icazə verib.

Klinik sınaqların yüksək mərhələsi (üçüncü mərhələ) iyul ayında start götürüb.

“Moderna”nın peyvəndi ABŞ-da dövlətin klinik sınaqların üçüncü mərhələsində maliyyələşdirdiyi ilk COVİD-19 vaksini olub.

Klinik tədqiqatlar zamanı “Moderna” peyvəndi ümumilikdə COVİD-19-a yoluxma hallarının və xəstəliyin ağırlaşmasının qarşısının alınmasında 95 faiz effekt verib.

Bu vaksin həm kişilərdə, həm də qadınlarda, bütün yaş qruplarında, irqi və etnik cəhətdən fərqli qruplarda, həmçinin yanaşı xəstəliyi olduğu üçün risk qrupuna aid edilən şəxslərdə effektiv nəticə göstərib.

“Moderna” vaksini mRNT əsaslıdır. Vaksin orqanizmə koronavirusun səthində yerləşən peplomerlərdən müdafiə yaratmaq üçün genetik resept olan mRNT ötürür. Peyvənd inyeksiya edildikdən sonra orqanizmdə immunitet sistemi peplomerlərə qarşı anticisimlər formalaşdırır. Peyvənd olunmuş şəxs sonradan koronavirusa məruz qaldığı zaman bu anticismlər virusa hücuma keçir.

“Moderna”nın vaksini xüsusilə virusun “birləşmə öncəsi stabilləşdirilmiş peplomer qlikoproteini” adlandırılan struktur üçün nəzərdə tutulmuş sintetik mRNT ehtiva edir.

Vaksinin tərkibində lipidlər adlanan yağlı maddələr, trometamin, trometamin hidroxlorid, sirkə turşusu, natrium asetat və saxaroza da var.

“Moderna”nın peyvəndi bir adama 28 günlük intervalla 100 mikroqram dozada iki dəfə inyeksiya edilir. İkinci dozadan sonra ən azı 14 gün ərzində peyvəndin COVİD-19-a qarşı effektivliyi 95 faiz təşkil edir.

Bu vaksin 18 yaşdan yuxarı şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

“Moderna” vaksini təxminən mənfi 20 dərəcədə, yəni məişətdə istifadə olunan adi soyuducuların yaratdığı temperaturda saxlana bilər.

Peyvənd olunan adamda ortaya çıxan əks təsirlərə inyeksiya nahiyəsində ağrı, yorğunluq, baş ağrısı, əzələ ağrısı, oynaqlarda ağrı və üşütmə daxildir. Əlavə təsir kimi limfa düyünlərində şişmə də ola bilər.

2020-ci ilin noyabrında “Moderna” şirkəti öz vaksininin kütləvi istifadəsinə icazə verilməsi üçün FDA-ya müraciət edib.

Dekabr ayında FDA “Moderna”nın vaksininə yaşıl işıq yandırıb.

Hazırda ABŞ-da, Kanadada, Böyük Britaniyada və bir sıra başqa ölkələrdə əhalinin koronavirus əleyhinə peyvəndlənməsi prosesində bu vaksindən də istifadə olunur.

“Moderna” şirkəti 2021-ci ilin sonunadək 600 milyon dozadan çox, 1 milyard dozayadək vaksin istehsal etməyi planlaşdırır. Həmin dozaların satışından şirkətin 11 milyard 700 milyon dollar qazanc əldə edəcəyi gözlənir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top