Çingiz Qənizadə: Azərbaycan BMT qətnamələrini öz gücü hesabına yerinə yetirdi

GÜNDƏM 14 dek 2020, 14:03
Otuz ilə yaxın idi ki, xalqımızı ciddi narahat edən, ən ağrılı problemə çevrilən Dağlıq Qarabağ münaqişəsi Prezident İlham Əliyevin qətiyyəti, cəsarəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində öz həllini tapdı. Nüfuzlu beynəlxalq qurumlar, cümlədən bu münaqişənin aradan qaldırılmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu da 30 il müddətində işğalçıya “dur!” deməkdə sanki özlərində cəsarət tapa bilmədilər. Hadisələrin gedişi də göstərdi ki, Minsk qrupunun əsas missiyası bu müddət ərzində eyni sözlərdən ibarət olan bəyanatlar vermək, işğalçı ölkənin törətdiyi təxribatları, terror aktlarını, sərhədboyu ərazilərə yaxın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmağı, dinc əhalini qətlə yetirməyi seyr etməkdən ibarət imiş.

Demokrat.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışan işğalçı ölkənin dəstəklənməsi onu getdikcə quduzlaşdırırdı. Hər dəfə də beynəlxalq təşkilatlar tərəfləri münaqişənin dinc vasitələrlə, danışıqlar yolu ilə nizamlanmasına çağırır, problemin hərbi yola həlli variantı olmadığını deyir, bununla da işğalçı Ermənistana yeni təxribatlar törətməyə rəvac verirdilər. Ancaq Prezident İlham Əliyev həm beynəlxalq təşkilatlara, həm də dünya birliyinə sübut etdi ki, münaqişənin hərbi yolla variantı mümkün imiş. Bu günlərdə dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ- dan ola həmsədrlərini qəbul edərkən bir daha onların diqqətinə çatdırdı ki, münaqişənin hərbi yolla nizamlanması mümkün idi. “Hərbi variant yoxdur” deyənlərin əsas məqsədi mövcud vəziyyəti olduğu kimi saxlamaq idi. Dövlətimizin başçısı status-kvonu, təmas xəttini rədd etməklə, bu fikrə düşənlərin bütün planlarını alt–üst etdi.

Bir ildən artıq idi ki, regiona gəlməyən ATƏT-in Minsk qrupunun həmsədrləri bu dəfə artıq yeni vəziyyətlə qarşılaşdılar. Bu mənzərə qurumun indiyə qədər dəstəklədiyi Ermənistanın məğlub, Azərbaycanın isə qalib olması idi. Prezident İlham Əliyev bu faktı bir daha həmsədrlərin diqqətinə çatdırdı. Dedi ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu: “Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”.

Dövlətimizin başçısı son 17 il ərzində danışıqlarda iştirak etdiyini, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunların heç bir nəticə vermədiyini həmsədrlərə xatırlatdı.

Minsk qrupunun həmsədrləri artıq şahiddirlər ki, 30 ilə yaxın davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi vasitələrlə aradan qaldırılıb. Bu münaqişə artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində bir addım da olsun irəliyə gedə bilmədi. Əgər münaqişə tarixin arxivinə qovuşubsa, daha bundan sonra ATƏT –in Minsk qrupu hansı missiyasını yerinə yetirəcək?

Bəs münaqişənin nizamlanmasında problem nədə idi? Axı BMT-nin Təhlükəsizlik Şurası, AŞPA, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, İƏT, Qoşulmama Hərəkatı və digər təşkilatlar Ermənistanın işğalçı siyasətini pisləyən, işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə qətnamələr, qərarlar qəbul etmişdi. ATƏT-in Minsk qrupunun özü status- kvonun saxlanılmasını qeyri- mümkün olması qənaətinə gəlmişdi. Qrupun həmsədri olan ölkələrin prezidentləri Akvildə, Muskokada bildirdilər ki, status-kvo qəbuledilməzdir. Sonra da bəyan etdilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Dövlətimizin başçısı isə onlara sübut etdi ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, düzgün müəyyənləşdirilmiş siyasət, xalqımızın həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, xalqın əzmkarlığı, rəşadətli ordumuzun müzəffərliyi sayəsində dəyişdirilə bilər. Necə ki, dəyişdirildi!

Azərbaycan haqlı olduğunu dünyaya göstərdi. Bu qədər qətnamə və qərarların qəbul olunmasından sonra bu illər ərzində münaqişənin həll istiqamətində heç bir irəliləyişin nəzərə çarpmamasının əsas səbəb indi hər kəsə aydındır: dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiya. Dövlət başçımızın qətiyyəti bunları da darmadağın etdi. Möhtərəm Prezidentimiz ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə bir daha çatdırdı ki, xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top