Rusiya öhdəliklərinə niyə əməl etmir? — Sülhməramlıların ÖZBAŞINALIĞI...

SİYASİ 14 dek 2020, 13:10
Dövlət Təhlükəsizliyi Xidmətinin Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçularına qarşı anti-terror əməliyyatından sonra Rusiya sülhməramlılarının yaydığı yeni xəritə Azərbaycan ictimaiyyətində haqlı narazılığa, təəssüf və təəccübə səbəb oldu.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin Üçtərəfli Bəyanatına əsasən Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət traektoriyasının dəqiq hüdudları göstərilib. Lakin Rusiya sülhməramlılarının gündə bir xəritə cızaraq dövriyyəyə buraxması suallar yaradır.


Onlar bu səlahiyyəti kim verib?

Azərbaycan cəmiyyətini narahat edən suallardan biri də budur.

Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfinən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Halbuki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar.

Rusiya sülhməramlılarının öhdəlikləri

Qərəzsiz və neytral olmalı, yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə etməli, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək verməlidir.

Rusiya sülhməramlılarının Qarabağda əsas missiyası üçtərəfli razılaşmanın müəddəlarına uyğun davranmaq və bölgədə sülhü təmin etməkdir.  Sülhməramlı missiyasının beynəlxalq hüquqda təsbitini tapan mandatı da bunu tələb edir.  

                                    Rusiya sülhməramlılarının cızma-qara xəritəsi 

Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndləri ilə bağlı baş verənlər isə Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarının fəaliyyətinə dair mövcud narahatlığı daha da artırdı. Belə ki, bu kəndlərdə gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq.

Rusiya sülhməramlıları hadisədən sonra yeni xəritə yayaraq, bu kəndləri özlərinin nəzarət dairəsinə əlavə etdi. Hansı haqla, yaxud kimin verdiyi səlahiyyətlə?

Bu torpaqların hər bir qarışı Azərbaycanındır. Azərbaycan öz sərhədləri daxilində qanunsuz silahlı birləşmələrə qarşı anti-terror əməliyyatı keçirmək hüququna sahibdir. Rusiya sülhməramlıları da məhz üçtərəfli razılaşmaya əsasən bölgədədirlər.

Onların missiyası sülhü təmin etməkdir, gündə xəritə yayaraq, hansısa iddialarla çıxış etmək yox.

Bu baxımdan, Rusiya sülhməramlılarının hazırlayıb yaydığı qeyri-real xəritəyə qısa zamanda düzəliş edilməsinə ehtiyac var. 



Rusiya sülhməramlılarına olan etimad limiti sarsılır 

Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.

Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.



Bu qüvvələr Rusiyanın bölgədəki gələcək maraqlarını riskə atır

Görünür, Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir. İstisna deyil ki, həmin dairələr Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakından da bərk qıcıqlanıblar.

Bu dairələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidirlər. Bölgədə Azərbaycanın yaratdığı yeni reallıq var və bütün ölkələr bununla barışmalıdır. Rusiya da istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. Bu, bölgənin gələcəyi, eləcə də Rusiyanın bölgədəki gələcək maraqları üçün vacibdir.

Bu ölkədəki bəzi dairələr anlamalıdırlar ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan bir şey deyil. Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur. Onlar başa düşməlidir ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək.

Bu proses son nəticədə Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə olacaq və bu, Rusiyanın bölgədəki maraqları üçün heç də yaxşı gələcək vəd etmir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top