“Qarabağ” ordenli şəhid gizir

SOSİAL 12 dek 2020, 23:54
Vətən Müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən ən ali mükafatla təltif olunan hərbiçilərimizdən biri də biləsuvarlı qəhrəman döyüşçü, şəhid Əmənov Məhəmməd İltizam oğludur. O döyüş meydanında göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə mükafatlandırılıb.

M. Əmənov 1996-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Ordu sıralarında gizir kimi xidmət edib.

Demokrat.az bildirir ki, “Report”un Muğan bürosu şəhidin ailəsində olub. Atası İltizam Əmənov deyir ki, vətənpərvərlik ruhu Məhəmmədə Milli Qəhrəman Mübariz İbrahimova olan dərin ehtiramından doğmuşdu.

Deyirdi ki, ata mən də Mübariz kimi qəhrəman olacağam. Elə ona görə də hərbi xidməti başa vurduqdan sonra yenidən sənədlərini Müdafiə Nazirliyinə təqdim edərək hərbi hissələrin birində gizir kimi vətənin keşiyində durub. İlk döyüşə 27 sentyabrda Goranboy istiqamətində tank komandiri kim qatılıb.

“Döyüşlərə dostu ilə birlikdə getmişdilər. Əsgər dostu da tank komandiri kimi Qubadlı istiqamətində döyüşürdü. Dostu şəhid olan günü mənə zəng edib dostunu soruşdu, yaralandığını bildirsəm də gözləri yaşardı və mənə son vəsiyyətini elədi”.

Ailə üzvləri demişkən vətənpərvər hərbçi olmaq sanki onların alnına yazılıb. Mübariz İbrahimovun qəhrəmanlıq səlnaməsini dinləyərək böyümək Məhəmmədin də nəsibi olub. Həmyerlisi ilə fəxr edən Məhəmməd şəhid Mübarizə oxşamaq, onun kimi igidcəsinə şəhid olmaq arzusunda olub.

İlk dəfə Aprel Döyüşlərində iştirak edən Məhəmməd düşmənə ordumuzun iradəsini göstərən döyüşçülərdən olub. Məhəmməd Əmənov sonuncu dəfə ailə üzvləri ilə 19 oktyabrda danışıb. Növbəti gün, oktyabrın 20-də ağır döyüşə qatılacaqlarını bildirən Məhəmməd anasına şəhid olarsa ağılamamasının tapşırıb.

Şəhid olmaq Məhəmmədin son arzusu olduğu üçün Əmənovlar ailəsi onun bu istəyini qurur hissi ilə qəbul edirlər. “Qarabağ” ordenini isə dövlətin verdiyi ən yüksək dəyər kimi qiymətləndirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top