Bakıda iş adamlarına qarşı şok dələduzluq — TƏFƏRRÜAT

KRİMİNAL 17 noy 2020, 12:03

Bakıda dələduzluqda ittiham olunan Masallı rayon sakini, 1967-ci il təvəllüdlü Elmidar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elmidar Qurbanov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Samir Hüseynova Bakı şəhərində onun Rusiya Federasiyasından un gətirib, topdan satış qiymətə başqa şirkətlərin gətirdikləri undan ucuz qiymətə satıb yaxşı qazanc əldə edən dostlarının olduğunu bildirib. 


O, Samir Hüseynovun 150.000 manat pul verəcəyi təqdirdə onu həmin biznesə qoşub, gələcəkdə gəlir əldə edəcəyinə dair yalandan vəd verib.


Elmidar Hüseynov  Samir Hüseynovun Nərimanov rayonu, Arif Heydərov küçəsi 48 ünvanında yerləşən həmin vaxtda “GREENDFİLD”, hazırda isə “MAKRO” adlanan marketin ofisində 28 oktyabr 2012-ci il tarixdə 20.000 manat məbləğində, 7 mart 2013-cü il tarixdə 9.000 manat məbləğində, 4 iyul 2013-cü il tarixdə 13.000 manat məbləğində, Nərimanov rayonu, Arif Heydərov küçəsi 27 saylı binanın qarşısında 6 oktyabr 2013-cü il tarixdə 10.000 manat məbləğində, 2013-cü ilin dekabr ayında 4.000 manat məbləğində, 2014-cü ilin fevral ayında 15.000 manat məbləğində pulunu ələ keçirib. O, Samir Hüseynova 71.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib.


Bundan başqa, Elmidar Qurbanov Elçin Hüseynova Rusiya Federasiyasından un gətirib, topdan satış qiymətə başqa şirkətlərin gətirdikləri undan ucuz qiymətə satıb, birgə yaxşı qazanc əldə edəcəklərinə dair yalandan vəd verib. 


O, Elçin Hüseynovun Nərimanov rayonu, Arif Heydərov küçəsi 27 saylı binanın qarşısında 2014-cü ilin iyun ayında hissə-hissə olmaqla ümumilikdə, 40.000 manat məbləğində pulunu Samir Hüseynovun vasitəsi ilə ələ keçirib.


Daha sonra Elmidar Qurbanov Anar Bağırova Rusiya Federasiyasından un gətirib, topdan satış qiymətə başqa şirkətlərin gətirdikləri undan ucuz qiymətə satıb birgə yaxşı qazanc əldə edəcəklərinə dair yalandan vəd verib. O, Anar Bağırovun Nərimanov rayonu, Arif Heydərov küçəsi 27 saylı binanın qarşısında 2015-ci ilin aprel ayının əvvəllərində 9.000 manat məbləğində pulunu Samir Hüseynovun vasitəsilə alıb.


Bundan başqa, Elmidar Qurbanov Səxavət Cəmilova Rusiya Federasiyasından un gətirib topdan satış qiymətə başqa şirkətlərin gətirdikləri undan ucuz qiymətə satıb birgə yaxşı qazanc əldə edəcəklərinə dair yalandan vəd verib. O aldatma yolu ilə Səxavət Camalovun Nərimanov rayonu, Arif Heydərov küçəsi 27 saylı binanın qarşısında 2015-ci ilin aprel ayının axırlarında 35.000 manat məbləğində pulunu Samir Hüseynovun vasitəsilə ələ keçirib.


İstintaq orqanı tərəfindən Elmidar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmidar Qurbanov 7 il müddətinə azadlıqdan məhrum edilib.


Samir Hüseynova dəymiş maddi ziyanın 11.500 manat hissəsinin və zərərçəkmiş şəxs Elçin Hüseynova dəymiş maddi ziyanın 10.000 manat hissəsinin ödənilməsinin nəzərə alınması, Samir Hüseynova dəymiş maddi ziyanın ödənilməmiş qalan 59.500 manat hissəsinin, Elçin Hüseynova dəymiş maddi ziyanın ödənilməmiş qalan 30.000 manat hissəsinin, Səxavət Cəmilovun 35.000 manat məbləğində maddi ziyanın, Anar Bağırova dəymiş ümumilikdə 9.000 manat məbləğində maddi ziyanın Elmidar Qurbanovdan tutulub, onlara ödənilməsi məsələsinin baxılmamış saxlanılması və onlara həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüquqlarının olmasının izah edilməsi hökm edilib.


Hökmdən narazı qalan Elmidar Qurbanov apelyasiya şikayəti verib. Şikayətini belə əsaslandırıb ki, özünü əsla təqsirli hesab etmir, birinci instansiya məhkəməsinin hökmünü qeyri-obyektiv, maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirir.


İbtidai istintaq zamanı sübutlar araşdırılmayıb, yoxlanılmayıb, toplanmış sübutlar zərərçəkmiş şəxslərin ifadələri ilə ziddiyyət təşkil edib.


Elmidar Qurbanov qeyd edib ki, iş materiallarından bu işin mülki xarakterli olduğu aydın görünsə də, ona qarşı ittiham elan olunub. O, bildirib ki, vicdanlı bir iş adamı olub.


Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 15 il ərzində üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirdiyini vurğulayan Elmidar Qurbanov bildirib ki, bütün vergi, kommunal və sğıorta öhdəliklərini vaxtlı-vaxtında ödəyib.


Öhdəsində azyaşlı gözləri zəif görən qızı var və hazırda qayınatasının himayəsində yaşayır. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.


Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elmidar Qurbanovun apelyasiya şikayəti təmin edilməyib.


Bu qərardan narazı qalan Elmidar Qurbanov kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti də təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top