"Şuşanın azad olunması tarixi qələbədir" — Könül Nurullayeva

SİYASƏT 08 noy 2020, 20:50

Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmır. Bu, bizim tarixi qələbəmizdir. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz şanlı qələbəmizi döyüş meydanında qazandıq. 28 il ərzində Şuşa işğal altında qalsa da, hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, mədəniyyət beşiyimizə qayıdacağıq. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməz.


Azərbaycan xalqı 30 ilə yaxındır, bu tarixi anı gözləyirdi. Zaman göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirdi. Azərbaycanın mövqeyinin möhkəmlənməsi münaqişə ərtafında yaranan vəziyyətin məhz bizim xeyrimizə dəyişməsinə rəvac verdi. Azərbaycan hərbi imkanlarını genişləndirməklə yanaşı, həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. Bu gün döyüş meydanında Azərbaycan düşmənlə təkbaşına mübarizə aparır və ərazi bütövlüyümüz qarış-qarış azad olunur. Azərbaycan bayrağının Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırır. Bir neçə gündür, düşmən Şuşa ilə bağlı dezinformasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. Amma şanlı Azərbaycan Ordusu Ali Baş komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Düşmən hazırda isterik vəziyyətdədir. Çünki Şuşa işğalçı ölkə üçün psixoloji baryer idi.


Biz haqq işimiz uğrunda illərdir apardığımız mübarizəni döyüş meydanında davam etdiririk. Şuşa da digər ərazilərimiz kimi dünyanın ən abad bölgələrindən birinə çevriləcək. Digər ərazilərimizin də işaldan azad edildiyi günü tezliklə qeyd edəcəyik.

 

Könül Nurullayeva

Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top