Güclü Azərbaycan və xalqın birliyini qələbəyə daşıyan LİDER

TƏHLİL 01 noy 2020, 14:49

Nə vaxtsa həll olunacağına ümidin itirildiyi ən ümdə problemimiz olan Dağlıq Qarabağ münaqişəsini Azərbaycan təkbaşına, öz əsgərinin qanı, canı hesabına çözməkdədir.


Bu gün dünyanın aparıcı ölkələrində qurduğu erməni lobbisinin gücünə arxalanan, bunun hesabına həmin ölkələrdən açıq dəstək alaraq azğınlaşmış, beynəlxalq hüququ heçə sayan Ermənistanın qarşısında öz imkanları hesabına ayaqda duran Azərbaycan dayanıb. Azərbaycanın dünyanın güc mərkəzlərinin ədalətsizliyinə, təzyiqlərinə qarşı nümayiş etdirdiyi qətiyyətin, cəsarətin arxasında yalnız haqlı olmaq dayanmır. Təəssüf ki, haqqın, beynəxalq hüququn tapdalandığı bir zamanda təkcə haqlı mövqe yetərli olmur. Azərbaycan məhz öz güclü iqtisadiyyatı, ordusu, birliyi hesabına haqqı, ədaləti bərpa etməkdə, ATƏT-in Minsk Qrupunun, BMT-nin işini görməkdədir...


Dağlıq Qarabağ məsələsi müstəqilliyimizin bütün dövrlərində Azərbaycan xalqını birləşdirən bir nömrəli faktor kimi çıxış edib. Bu, münaqişənin alovlandığı ilk illərdən indiyə kimi dəyişməyən reallıqdır. 1993-cü ilə kimi bu birlik lazımınca qiymətləndirlmədi. Xalqın birliyini qələbə ilə tamamlamağı bacaran liderin ortada olmaması daxili çəkişmələrə başı qarışan Azərbaycanı tam zəiflətdi. 1993-cü ildən sonra Azərbaycanın müharibə aparmağa taqəti qalmamışdı. Xalqın çağırışı ilə hakimiyyət başına gələn Ulu öndər Heydər Əliyev tamamilə yox olmaq astanasına gəlmiş Azərbaycanı xilas etmək üçün bütün təcrübəsini, imkanlarını sərf etdi. Böyük dövlət adamı xalqın birliyinə söykənərək Azərbaycanı parçalanmadan xilas etməyə, iqtisadiyyatı, ordunu, bir sözlə bütün sahələri viran qalan ölkəni yenidən qurmağa, onun yaralarını sarmağa başladı və buna illər lazım oldu.


Heydər Əliyev yaxşı bilirdi ki, Qarabağın xilası güclü Azərbaycandır. Yaxşı bilirdi ki, onun qurduğu mükəmməl iqtisadi baza 2003-cü ildən sonra Azərbaycana böyük varidat qazandıracaq, ölkə qüdrətlənəcək, öz torpaqlarını azad etmək üçün söz sahibinə çevriləcək.


Heydər Əliyevin bütün gözləntilərini Prezident İlham Əliyev 17 illik hakimiyyəti dövründə gerçəkləşdirməyi bacardı. Bu gün bizi qələbə ilə müjdələyən günlərin həyata vəsiqə qazanması üçün illərdir planlı siyasət həyata keçirildi. Azərbaycan çeşidli təzyiqlərlə, siyasi çəkişmələrlə üzləşdi. İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, dövləti, xalqı salamat şəkildə gələcəyə daşıdı, ölkəsini inkişaf etdirdi. Müstəqil siyasət apararaq, xalqın maraqlarını müdafiə etdi.


Azərbaycanın başını daxili çəkişmələrlə qatmaq niyyətlərinin qarşısı qətiyyətlə alındı;


Ölkəmizə qarşı demokratiya adı ilə pərdələnmiş təzyiqlər nəticəsiz qaldı;


Azərbaycanda ordu quruculuğu böyük vüsət aldı. Hərbi müstəvidə uğurlar qazanıldı, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 50-ci yerdə qərarlaşdı;


Karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində inqilabi addımlar atıldı, Azərbaycanın siyasi və iqtisadi maraqları uzlaşdırıldı, ölkəmizin prioritetləri  beynəlxalq gündəmin bir istiqamətinə çevrildi;


Güclü iqtisadiyyata malik, iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı olmayan, bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayan, dünyaya öz inkişaf modellərini təqdim edən, sayı o qədər də çox olmayan kosmik ailənin üzvünə çevrilən Azərbaycan quruldu;


Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərə imza atıldı;


Azərbaycan beynəlxalq aləmdə güclü mövqeyə malik, nüfuzu daha da möhkəmlənən ölkəyə çevrildi;


Mühüm sosial müdafiə əhəmiyyəti daşıyan sənədlər imzalandı, xalqın aztəminatlı və həssas təbəqəsinin problemlərinin həlli ilə bağlı layihələr icra olundu;  


Məcburi köçkün ailələri, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni mənzillərin verilməsi siyasəti daha da genişləndirildi;


Gənc ailələrin, ümumiyyətlə, evsiz insanların mənzil ala bilməsi üçün sosial mənzillərin tikintisi, güzəştli ipoteka proqramının davamı üçün vəsaitin ayrılması həyata vəsiqə qazandı;


Regionların inkişafı, yeni məktəblərin, xəstəxanaların tikintisi istiqamətində ardıcıl siyasət həyata keçirildi;


Ötən zaman kəsiyində Bakı bir sıra mühüm beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edərək, dünyanın diqqət mərkəzində oldu.


Bu illərdə İlham Əliyev bütün çətin məqamlarda öz vətəndaşının yanında oldu. Zəlzələnin ağır nəticələri ilə üzləşəndə, sahibkarın əmlakı yananda, şəhid ailələrinin vərəsələrinin bir qismi birdəfəlik müavinətləri almaq problemi ilə qarşılaşanda, problemli kreditləri ödəməkdə çətinlik çəkəndə ölkə Prezidenti vətəndaşını çarəsiz buraxmadı, onun mövqeyindən çıxış etdi. Qaldırılan problemlər daha çevik formada, kökündən həll edildi, vətəndaşın problemlərinə yanaşmada həssaslıq, qərarlılıq öndə dayandı.


Ötən 17 ildə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bir an olsun diqqətdən kənarda qalmadı. Ölkəmizin bu istiqamətdə mövqeləri gücləndi, ərazi bütövlüyümüz nüfuzlu qurumların rəsmi qərarlarında bir daha əks olundu.


4 il bundan öncə taiximizə aprel döyüşləri (bu döyüşlər nəticəsində Ağdərənin, Cəbrayılın, Füzulinin bir hissəsi işğaldan azad olunub) kimi düşən şanlı səhifənin davamı olaraq, keçən il Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edildi. Bununla İlham Əliyev Azərbaycanın işğalla barışmayacağı, nəticəsiz danışıqlar davam edərsə Azərbaycan Ordusunun meydana  girib tarixi torpaqlarımızı azadlığa qovuşduracağı mesajını verirdi.


Və o gün nəhayət ki, yetişdi. Ötən dövrdə səbrlə, təmkinlə yürüdülən siyasət nəticəsində qüdrətlənmiş Azərbaycan təkbaşına haqqı, ədaləti, beynəlxaql hüququ bərpa etmək qərarı verdi. İndi dünya haqqa söykənən Azərbaycanın artan gücü ilə də hesablaşmaq zorundadır.


Bu gün hər iki məqamın tamamlandığı andır: Güclü Azərbaycan və xalqın birliyini qələbəyə daşıyan lider meydandadır. Ortada İlham Əliyevin siyasi iradəsi var və bu iradə Azərbaycanın qədəm qoyduğu qələbənin öz hədəflərinə çatana qədər irəliləcəyinə əminlik yaradır.


Azərbaycan Ordusunun uğurlarının kökündə  Prezident İlham Əliyevin son 17 ildə davam etdirdiyi, yeni çalarlarla zənginləşdirdiyi, yeni dövrün tələblərinə uyğun çevik formada gerşəkləşdirdiyi siyasət dayanır. Ölkədə milli həmrəyliyi, xalq-iqtidar birliyini daha da gücləndirən İlham Əliyev Azərbaycan xalqıının onun ətrafında sıx birləşməsinə, sonsuz etimadına, inam və dəstəyinə güvənib şərəfli və çətin missiyanı həyata keçirir. Haqq işimizi yarıda qoymaq üçün xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərən, onları dəf edən İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə,  uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrilib.


Son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytaran, tarixi ədaləti bərpa edən İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazıb.  Və yazmaqda davam edir...


Elman Babayev

Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top