Ermənistanın işğalçılıq siyasəti artıq dünya ictimaiyyəti tərəfindən də qınaq hədəfinə çevrilib. Son iki ildə münaqişənin nizamlanması istiqamətində heç bir iş görməyən təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan vəziyyəti daha da gərginləşdirərək müharibə həddinə çatdırdı. Bir neçə ay əvvəl Tovuz rayonu ərazisində təxribatlar törədən, sərhədboyu əraziləri artilleriya atəşinə tutan, hərbçilərimizi və mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrinə ciddi ziyan vuran Ermənistan ordusu Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri qarşısında davam gətirə bilmədi və böyük itkilər verərək geri çəkildi.
Müsahibimiz Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dövlət başçımızın “Rossiya 1” telekanalına müsahibəsində həqiqətləri böyük auditoriyaya çatdırması və Azərbaycan Ordusunun düşmənə ağır zərbələr vurması barədə məlumat verərkən dedi:
– Gözləmək olardı ki, düşmən 2016-cı ilin aprel məğlubiyyətindən ibrət dərsi götürəcək və işğalçılıq siyasətinə son qoyacaq. Ancaq hər şey gözləntilərin əksinə oldu. Bir neçə gün əvvəl Ermənistan ordusu genişmiqyaslı hücuma keçərək yeni ərazilərimizi ələ keçirmək istədi. İşğalçı ölkənin hücumu bir daha təsdiqlədi ki, onlar bu əməliyyata qabaqcadan hazırlaşıblar. Hətta dövlətimizin başçısı Təhlükəsizlik Şurasının iclasında da açıq şəkildə dedi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Möhtərəm Prezidentimiz bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarına müsahibəsində, həm də BMT kürsüsündən çıxış edərkən öz fikirlərini bildirmişdi. Ancaq həmişə olduğu kimi, bu dəfə də dünyada baş alıb gedən ikili standartlar Ermənistanın xeyrinə işlədi və işğalçı ölkə müharibəyə başladı.
– Müharibəni başlayan Ermənistanın qısa müddətdə ağır itkilər verməsi də günün reallığıdır...
– Məndə bu barədə rəsmi məlumat var. Sentyabrın 27-dən 30-u saat 21.30 radələrinə qədər işğalçı Ermənistanın 200-dək tank və digər zirehli texnikası, 228 artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komada-idarəetmə və komanda–müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib. Bu siyahı indi daha da çoxalıb. Çünki son günlər düşmənə vurulan ağır zərbələr nəticəsində düşmənin itkilərinin sayı xeyli artıb. Bütün bunlar işğalçı Ermənistanın öz günahıdır. Çünki 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və 2020-ci ilin iyulunda Tovuz rayonunda törətdikləri təxribat zamanı düşmən Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə bələd olmuşdu. Bunu bilə-bilə bu dəfə genişmiqyaslı hücuma keçdilər və cavablarını da aldılar. Hələ bunlar nədir ki? Azərbaycan Ordusu düşmənə elə bir sarsıdıcı zərbə vuracaq ki, bir daha özlərinə gələ bilməyəcəklər.
– Dövlətimizin başçısı Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-də başlanmış müharibə, təxribatlar, işğalçılıq və təcavüz siyasəti haqqında həqiqətləri “Rossiya-1” telekanalında böyük auditoriyaya çatdırdı...
– Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan – Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırarkən dövlətimizin başçısı son günlər baş verənlər barədə ətraflı məlumat verdi. Möhtərəm Prezidentimiz ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya l” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı.
Dövlət başçısı Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, təcavüzkar ordunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu bildirdi. Dedi ki, qısa vaxt ərzində hərbi təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var.
Aparıcının Türkiyənin Azərbaycana kömək etməsi barədə hətta “Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək” – fikirlərinə aydınlıq gətirən ölkəmizin rəhbəri Rusiyanın aparıcı mediasında Türkiyənin maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi. Bildirdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ müdafiə edir, eyni zamanda, ölkəmizə mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Türkiyənin rolunun regionda sabitləşdirici xarakter daşıdığnı bildirən dövlət başçısı Türkiyənin bizə qardaş ölkə və bizim müttəfiqimiz olduğunu qeyd etdi. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəkləyib.
Ölkə başçısı Türkiyənin bizə mənəvi dəstək göstərdiyini bildirdi. Buna görə də biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək, bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
Prezident İlham Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır” fikrini xatırladaraq dedi ki, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir.
Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistan bu təxribatlara uzun müddətdir ki, hazırlaşır. Bunu işğalçı ölkənin hərəkətlərinin və bəyanatlarının xronologiyası da təsdiqləyir.
– İşğalçı ölkə Azərbaycan ərazisində törətdiyi təxribatlarda mütəmadi olaraq xarici ölkələrdən gətirilən terrorçu və muzdlulardan istifadə edib.
– Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də, ölkəmizə qarşı törətdiyi bütün təcavüz aktlarında həmişə xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgələrindən terrorçu və muzdluları cəlb edib. Son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirilən terror və təxribatlarda da bunun şahidi olmuşuq. İşğal altında olan ərazilərimizdə aparılan qanunsuz məskunlaşdırma prosesində də terrorçu dəstələrin üzvlərini yerləşdirir və onları ölkəmizə qarşı döyüşə göndərirlər.
Möhtərəm Prezidentimiz bu dəfə də işğalçı ölkənin baş nazirin pat vəziyyətində qoydu. Həmişəki kimi, faktlar qarşısında aciz qalan Nikol Paşinyan, necə deyərlər, gah nala, gah da mıxa vurdu. Axı, nə deyə bilərdi? Təcavüzkar ölkənin 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salması göz önündədir. Bunu necə inkar edə bilərdi? Ona görə də onun budəfəki çıxışı da həm özünü, həm də erməniləri rəzil vəziyyətinə saldı. Ermənilər belə cılız, qeyri- ciddi, yalançı və riyakar dövlət başçıları olmasından xəcalət çəkməlidir.
Prezident İlham Əliyevin məntiqli, tutarlı, peşəkar və səlis cavabları tamaşaçılarda diplomatiya məharətinin zirvəsi təəssüratı yaratdı. Bunun fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən qeyri-yetkin olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.(xalqqazeti.com)