Sevinc Elçin Şıxlını niyə hədəf seçib?

TƏHLİL 28 iyl 2020, 15:56

29 il öncə tarixə Qarakənd faciəsi kimi düşən terror aktında ermənilər Osman Mirzəyevi qətlə yetirdi. Osman Mirzəyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış şəxs kimi xatırlanır. İllər sonra, onun qızı Sevinc Osmanqızı atasını qətlə yetirənlərə işləyir, Tovuz təxribatından sonra müxtəlif ölkələrdə ermənilərin azərbaycanlılara qarşı hücumuna görə Azərbaycanı ittiham edir, rəsmi İrəvanın irəli sürdüyü “hücumları Bakı təşkil edib” tezisini təkrarlayır.


Valideynlərini seçə bilmədiyin kimi, övladlarını da seçmək mümkün deyil. 


Şübhəsiz ki, Sevincin xainliyinin məsuliyyətini mərhum Osman Mirzəyev daşımır. Əminəm ki, qətlə yetirilməsəydi və bu gün qızının etdiklərinin şahidi olsaydı, yaşaya bilməzdi. Tarix bəzən belə kədərli mənzərələrə də şahid olur.


Amma Azərbaycan xalqının qəlbində Osman Mirzəyevin xatirəsi həmişə yaşayacaq. Bu xalq həm də Sevinc Osmanqızını həmişə lənətləyəcək.  


Daha "Osmanqızı" yazıb Osman Mirzəyevin əziz xatirəsinə xələl gətirmək istəmirəm, ona görə elə adı ilə xitab edək və həmin çıxışına yenidən qayıdaq.

 


Sevinc deyir: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Corcstaun Universitetində erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcəm. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin “v” hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdi”.


Əlavə şərhə ehtiyac yoxdur, Osman Mirzəyevin xatirəsini qəlbində yaşadan Azərbaycan xalqı Sevincin əsl simasına da bələd oldu.

 


İndi Sevincin bəlkə də Osman Mirzəyevə edəcəyi ən böyük yaxşılıq atasının soyadından imtina etməsi olardı. Yalnız o halda atasının ruhu sakitlik tapar.


Lakin Sevinc xalqın nifrətindən yayınmaq üçün çox bəsit yola əl atır, həmişə elədiyi kimi, yenə gündəmi dəyişməyə, diqqəti Azərbaycan ziyalılarının üzərinə gətirməyə cəhd göstərir.


Sonuncu belə cəhdlərindən biri Azərbaycanın müstəqillik tarixinin ən böyük ziyalılarından olan Elçin Şıxlını gündəmə gətirməsi, absurd iddialar, ittihamlar irəli sürməsidir. Elçin Şıxlının necə görkəmli ziyalı olması, Azərbaycan dövlətinin və xalqının maraqları naminə hansı işlər görməsi, hansı mübarizə yollarından keçməsi müzakirə mövzusu ola bilməz. Məqsədimiz heç bu müzakirəni açmaq da deyil. Lakin mərhum İsmayıl Şıxlının sovetlər dövründə güllələnmə təhlükəsi riski ilə üzləşməsinə baxmayaraq, xalqımızın mədəniyyəti, dili və maraqları naminə apardığı mübarizəyə xalq da şahiddir, tarix də...

 


Elçin Şıxlı da məhz atasının oğlu olduğunu keçdiyi həyat yolu ilə sübut edib. Hörmətli ziyalımızın milli mətbuatımızı bataqlıqdan çıxarmaq üçün etdiklərinin də yaxın tarix şahidi oldu. Bu gün mətbuatımızın Əli Həsənovun, Ramiz Mehdiyevin “silləsi altından” xilas olduğuna görə borclu olduğu azsaylı şəxslərdən biri məhz Elçin Şıxlıdır.


İndi Elçin Şıxlının Sevinc tərəfindən hədəfə çıxarılmasında Ramiz Mehdiyevin də, Əli Həsənovun da maraqlı olduğu, hətta bu işdə Sevincə dəstək verdikləri də istisna deyil. Görünən odur ki, "köhnə qvardiya" yenilikçilərdən intiqam almaq üçün şeytanla belə ittifaqa girməyə hazır dayanıb...


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top