“Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır və hər gün klinik vəziyyətində müsbət dinamika davam edir”.
Bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, B.Bağırzadə hələ trakeostoma vasitəsilə süni tənəffüs aparatında nəfəs alır: “Artıq ağciyər və bədənin reabilitasiyasına başlanılıb. Müalicə həkimləri və hamımız onun süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.
B.Bağırzadə bir neçə gün əvvəl ECMO cihazından ayrılıb.
Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.