Ciddi karantin rejimi: sınaqdan çıxmış təcrübə və yeganə çıxış yolu…

TƏHLİL 19 iyn 2020, 11:13

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-nə qədər uzadılıb, iyunun 21-dən iyulun 5-nə qədər isə ciddi karantin rejimi tətbiq ediləcək. 

21 iyun-5 iyul tarixləri arasındakı müddətdə SMS icazə sistemi yenidən bərpa olunur, ticarət mərkəzlərinin, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, o cümlədən, ictimai iaşə müəssisələrində müştərilərə xidmət dayandılır. Açıq havada idman oyunları ləğv olunur. İdman zallarının fəaliyyətinin bərpası, teatrların, dini ritual mərasimləri, qapalı məkanlarda yas xidmətlərinin təşkili ilə bağlı qadağalar da qüvvədədir. Operativ Qərargah yaşı 65-dən çox olan vətəndaşların zərurt olmadığı təqdirdə evdən çıxmamasını tövsiyə edir.


Ciddi karantin rejimi Bakı, Abşeron, Sumqayıt, Cəlilabad, Masallı, Yevlax şəhərlərində tətbiq olunacaq, çünki təcrübə böyük şəhərlərdə virusa yoluxma hallarının sürətli olduğunu təsdiq edir.


Bu qərarı Azərbaycanın koronavirusla mübarizəsinin sınaqdan çıxmış növbəti addımı hesab etmək olar. Virusun dünyada yayılmağabaşladığı ilk dövrdə Azərbaycan önləyici addımlar atdı və bu addımların ən vacibi karantin rejiminin tətbiqidi idi. ÜST tərəfindən tövsiyə edilən karantin strategiyası dünya təcrübəsində virusla mübarizədə ən effektli addım hesab olunur.


Vətəndaşın sağlamlığının qorunması məqsədi daşıyan bu strategiya ölkəmizdə bu ilin 23 mart tarixindən etibarən tətbiq edilməyə başlandı. Tədris prosesində onlyan rejimə keçildi, əhalinin sıx təmasının qarşısı alındı, iaşə obyektlərindən tutmuş böyük ticarət mərkəzlərinə qədər bütün obyektlər bağlandı, dövlət sektorunda işçilər əmək haqqısı saxlanılmaqla məzuniyyətə göndərildi, özəl sektorda çalışanların evdə qalmasına görə əmək haqları dövlət tərəfindən ödənildi, sahibkarlardan tutmuş günəmuz işləyənlərə qədər hər kəs dövlətin dəstək paketindən yararlandı. Dövlət vətəndaşın sağlamlığının qorunması üçün əlini daşın altına qoydu.


Nəticə müsbət idi, xüsusilə digər ölkələrlə müqayisədə Azərbaycanda yoluxma hallarının aşağı olması bunu deməyə əsas verir.


Sonrakı mərhələdə düya ölkələrində olduğu kimi Azərbaycanda da ciddi karantin rejiminin yumşalması prosesi başlandı. Məqsəd ictimai-sosial sistemin tədricən normallaşdırılması idi. Lakin yoluxma hallarında sürətli çoxalma qorxulu mənzərə yaratdı. Bunun obyektiv və subyektiv səbəbəri var:


ÜST də bildirirdi ki, normallaşma yoluxma hallarının sayını artıra bilər. Vətəndaşların yenidən normal həyata başlaması yoluxma hallarında neqativ rekordlarla nəticələnən obyektiv səbəbdir.


Subyektiv səbəb isə birbaşa vətəndaşların davranışlarından qaynaqlanır. Dövlət yumşalma prosesinə start versə də, tibbi maskadan istifadə, sosial məsafəninin saxlanılması və gigiyena qaydalarına əməl etməyi tövsiyə edirdi. Lakin görünən bu idi ki, vətəndaş öz sağlamlığını düşünmür, tibbi maskadan istifadənin məcburi hala gətirilməsinə səbəb də budur: dövlət öz sağlamlığını düşünməyən vətəndaşını qorumaq məcburiyyətindədir. 


Həftə sonlarının küçəyə çıxma qadağasının tətbiqi buna hesablanmış addım idi. İki dəfə tətbiq olunan bu strategiya müsbət nəticəsini verdi və evdən çıxmaq qadağan olunan günlərin statistikası ilə digər günlərdin göstəriciləri arasındakı fərq indiki məqamda çıxış yolunun ciddi karantin rejiminin tətbiq edilməsi olduğunu göstərdi.


Birincisi, bundan öncəki təcrübə ciddi karantin rejiminin yoluxma hallarının minimallaşdırılmasında əhəmiyyətli rol oynadığını təsdiq edir.


İkincisi, vətəndaşların öz sağlamlığına qarşı laqeyd yanaşdığı, qoyulan qadağalara əmək etmək istəməmədiyi, xüsusilə sosial məsafənin saxlanılmadığı etiraf olunmalıdır. Belə olan halda ciddi karantin rejimi ən unikal variant kimi görünür. Çünki qeyd etdiyimiz kimi, dövlət vətəndaşın sağlamlığını qorunmasında məsuliyyət daşıyır.


Yoluxma hallarının kəskin artması, vəfat edənlərin çoxalması ciddi karantin rejiminin tətbiqinin səbəbini anlamağa imkan verir. Bu müddətdə hər bir vətəndaşın yeganə vəzifəsi özünü və yaxınlarını qorumaqdır. Heç olmasa bu dəfə hər birimiz iki həftəlik ciddi karantin rejiminin qaydalarına əməl edək və sosial məsuliyyət hissini unutmayaq, virusla mübarizədə gecə-gündüz demədən əmək sərf edən dövlətin əməyini qiymətləndirək...


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top