SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

HADİSƏ 28 mar 2020, 10:33

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olub.


Qurumun məsul şəxsləri koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olublar.


Bu barədə Demokrat.az-a SOCAR-dan bildirilib. 


Şirkətin rəhbəri ölkəmizin həyat təminatlı obyektlərindən biri olan H.Əliyev adına NEZ-in fasiləsiz işinin etibarlı təminatının təmin olunması üçün görülən qabaqlayıcı tədbirlərlə tanış olub. O, həyata keçirilmiş tədbirlərdən razı qaldığını qeyd edib.


Qeyd edək ki, şirkətin istehsalat sahələrində və inzibati binaların giriş hissələrində daxil olan şəxslərin hərarəti ölçülür. Həmçinin, ilkin həkim müayinəsi üçün şərait yaradılıb.


SOCAR-ın digər istehsalat müəssisələrində olduğu kimi Heydər Əliyev adına Neft Emalı Zavodunda da mütəmadi dezinfeksiya işləri aparılır, işçilərin bir-biri ilə təması məhdudlaşdırılır. İşçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanıb. Bu materialların işçilər, eləcə də onların ailə üzvləri arasında yayılması üçün tədbirlər görülüb.


Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi, bir çox digər qurumlarla yanaşı, SOCAR-ın müəyyən olunmuş işçiləri, xüsusi ilə də rəhbər işçiləri Novruz bayramındakı bütün qeyri-iş günlərində tam iş günü ərzində işlərə cəlb edilib.


Beləliklə, bayram günlərində də şirkət üzrə epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top