Gəlin, Azərbaycanımızı bu təhlükədən birgə uzaq tutaq! — YAZI

GÜNDƏM 14 mar 2020, 14:04

Azərbaycan koronavirusla mübarizədə ən mühüm addımlardan birini atdı: sosial izolyasiya. 


Çində meydana gələn və dünyanın dörd bir yanında yayılan, xüsusilə qlobal təşvişə səbəb olan COVİD-19 virusunun dərmanı hələlik tapılmayıb. Buna görə də ölkələr ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi kimi addımlar atırlar. Sosial izolyasiya isə virusun yayılmasının minimallaşdırılması üçün ən mühüm addım sayıla bilər.


Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsini və dünya ölkələrinin təcrübəsini nəzərə alaraq, martın 14-dən etibarən aprel ayının sonuna kimi bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi haqda qərar verdi. Bura kütləvi tədbirlərin təxirə salınmasından tutmuş toy mərasimlərinin qadağan edilməsinə qədər hər şey daxildir. Yalnız apteklər və supermarketləri iş qrafikində dəyişiklik edilmir, yerdə qalan digər iaşə obyektləri, ümumilikdə əhalinin kütləvi şəkildə üz tutduğu bütün məkanların fəaliyyətinə məhdudiyyətlər qoyulub. Ölkə Prezidentinin tapşırığı ilə hökumət tədris müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılması ilə ilk izolyativ tədbiri həyata keçirmişdi. Bu ümumi prosesin davamıdır.

 


Göründüyü kimi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. ÜST-ün ekspertləri də qeyd edirlər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Və bu təsadüfi deyil.


Çünki məlum virus Çində peyda olanda Azərbaycan hökuməti müvafiq tədbirlər görməyə başladı.

 


- Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradıldı və Fəaliyyət Planı hazırlandı.


- Sərhəd-keçid məntəqələrində və hava limanlarında qabaqlayıcı addımlar atıldı.


- Koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər və tibbi ləvazimatlar ölkəyə gətirildi.


- Təhsil müəssisələrində mümkün təhlükəyə görə tədris prosesi müvəqqəti dayandırıldı.


- Yerüstü və yeraltı nəqliyyat vasitələri hər gün dezinfeksiya olunur. 


- Karantin zonası yaradıldı və virusa yoluxma şübhəsi olanlar cəmiyyətdən təcrid edilir.

 


Sosial izolyasiyanın tətbiqi də bu prosesin davamı kimi ən məqbul addım sayıla bilər. Dünya təcrübəsi göstərir ki, hazırda virusa qarşı ən səmərəli mübarizə izolyasiyadır. Hətta FİFA-nın futbol oyunlarını azarkeşsiz keçirmək haqda qərarı da buna hesablanıb. Yalnız bu vasitə ilə virusun yayılmasını minimallaşdırmaq mümkündür.


Azərbaycan hökuməti məhz vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədilə dünya təcrübəsini tətbiq etməyə başladı.Lakin virusla mübarizədə təkcə dövlət yox, cəmiyyət də aktiv iştirak etməlidir.

 


Hər şeydən öncə milli həmrəylik olmalıdır, çünki izolyasiyanın tətbiqi milli təhlükəsizliyin təmin edilməsinə hesablanıb. Bu təhlükəsizliyi yanız həmrəyliklə təmin edə bilərik. Mövqeyindən, düşüncəsindən asılı olmayaraq, hər kəs diqqətli və məsuliyyətli olmalı, təşviş yaradacaq informasiyaların tirajlanmasının qarşısını almalıdır. Hər kəs tətbiq olunan qaydaların onun və yaxınlarının sağlamlığına xidmət etdiyini bilməlidir. 


İnformasiya təhlükəsizliyi ən vacib məsələlərdəndir. Bu məsələdə kütləvi informasiya vasitələrinin və sosial şəbəkədə aktiv istifadəçilərin üzərinə məsuliyyət düşür. Təbii ki, dövlət təxribat xarakterli informasiyalara qarşı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atacaq, hətta belə informasiyaları yayanların məsuliyyətə cəlb edilməsi mümkündür. Lakin bizlər KİV və sosial şəbəkələrdən aktiv istifadə edən şəxslər kimi belə dezinformasiyalara qarşı birgə mübarizə aparmalıyıq. Xüsusilə cəmiyyətdə ajiotaj yaradacaq şayiələr yolverilməzdir.

 


Dünyanın üzləşdiyi bu ağır vəziyyətdən yeganə çıxış yolu dövlətlə həmrəy olmaq və məsuliyyətli davranmaqdır. Burada sosial məsuliyyət hissi böyük rol oynayır. Hər kəs nümunəvi davranışı və dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək. Ən vacib məqamlardan biri Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra edilməsidir.


Gəlin, Azərbaycanımızı bu təhlükədən birgə uzaq tutaq!


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top