
Taleh Şahsuvarlı: "Hafiz Paşayev kimi böyük nüfuzu olan bir şəxsiyyət Prezidentin çıxışından sonra vəzifəsindən könüllü gedir, ancaq 1940-cı il təvəllüdlü Ziyad Səmədzadə tam tərsinə hərəkət edir..."
"Demokrat.az" xəbər portalının suallarına 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış siyasi analitik Taleh Şahsuvarov cavab verir...
— Taleh müəllim, seçki kampaniyası necə gedir, hər hansı qanunsuzluqla üzləşirsinizmi?
— Kampaniya istədiyimiz səviyyədə, əla gedir! Sualınız yadıma bir məsələni saldı, öncə onu deyim. 2009-cu ilin sonları idi, bir MMC qeydiyyatdan keçirmək istəyirdim. Bunun üçün “Vahid pəncərə” sisteminə müraciət etdim. Təsəvvür edin, mühit, xidmət, şəffaflıq olduqca yüksək səviyyədə idi, Azərbaycanda olduğumu unutmuşdum. Qeydiyyatdan sonra bu barədə müşahidələrimi, fikirlərimi yazdım, bir baş redaktor həmkarım o yazımı qəzəblə qarşıladı. Ancaq bir neçə ay sonra “Vahid pəncərə”yə özü müraciət etmiş, hər şeyi öz gözləri ilə görmüş, görəndən sonra məndən üzr istəmişdi.
Deməyim odur ki, mən ancaq öz gördüklərim, rastlaşdığım hallar barədə danışa bilərəm. Bəlkə dediklərim kimlərinsə təəccübünə səbəb olacaq, ancaq bu ana qədər ən yüngül formada olsa belə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində hər hansı neqativ halla rastlaşmamışam. Seçki çox yüksək səviyyədə, Seçki Məcəlləsinin tələblərinə tam uyğun formada təşkil olunur. Çox istərdim ki, səsvermə günü də hər şey belə şəffaf və gözəl olsun, islahatlar dalğasında keçirilən bir seçkiyə xələl gətirən hərəkətlərə yol verilməsin. Ümid edirəm ki, məhz belə də olacaq.
— Milli Şuranın sədri Cəmil Həsənlinin açıqladığı siyahı ilə yəqin ki, tanışsınız. Cəmil Həsənli iddia edir ki, hakimiyyət Sizin namizədliyinizi irəli sürdüyünüz dairədən Ziyad Səmədzadənin deputat olmasını təmin edəcək. Bu, səsvermənin azad, ədalətli və şəffaf keçəcəyini şübhə altına almırmı?
— Əvvəla, onu deyim ki, mənim diqqətimi bir məqam çəkdi. Eyni siyahı həm Cəmil Həsənli, həm də Almaniyada yaşayan bloqqer Həbib Müntəzir tərəfindən yayıldı, mətndəki orfoqrafik səhvlər belə eyni idi. İndi bu siyahını kim tərtib edib: Cəmil Həsənli, yoxsa Həbib Müntəzir? Fikrimcə, heç biri! Siyahı məqsədli şəkildə onlara ötürülüb. Məqsəd isə məhz seçkiyə inamsızlıq yaratmaqdır. Bu inamsızlığın yaranması kimin xeyrinədir? Köhnə deputatların!
Mən ilk gündən deyirəm ki, parlamentin buraxılma səbəblərindən biri də korrupsioner məmurların Milli Məclisdəki təsir imkanlarını sıfırlamaqdır. Görünür, həmin məmurlar seçicilərdə inamsızlıq yaratmaqla öz namizədlərini yenidən Milli Məclisdə təmsil olunmasına çalışırlar. Biz indi sahədəyik, mübarizənin real iştirakçılarıyıq. Əminəm ki, indi deyəcəyim halla əksər namizədlər üzləşirlər. Vətəndaşlarla ünsiyyət zamanı hələ özümə görə bir iradla üzləşməmişəm, amma seçki institutuna, parlamentin V çağırış tərkibinə, yenidən deputat olmaq istəyən namizədlərlə bağlı çox kəskin ittihamlarla qarşılaşırıq.
Vətəndaşlarımız bu yöndəki narazılıqlarını, hiddətlərini bizim üstümüzə tökürlər. Sosial şəbəkələrə baxın. Məsələn, 20-ci dairədə, 26-cı dairədə, 36-cı dairədə sakitlikdir, seçkilərdə iştirak edən Adil Əliyevlə, Fazil Mustafa ilə, Qüdrət Həsənquliyevlə bağlı dairədən etiraz səsləri yüksəlmir, əksinə, pozitiv mesajlar gəlir. Ancaq bəzi dairələrdə vətəndaşlar, necə deyərlər, köhnə deputatlarının əlindən dad döyürlər. Eyni situasiya 23-cü dairədə də var. Vətəndaşlarımız bu suala heç cür cavab tapa bilmirlər ki, Ziyad Səmədzadə 80 yaşında nədən yenə də deputat olmaq istəyir? İnsanlar soruşurlar ki, axı bu yaşdan sonra Ziyad Səmədzadə dövlətə, xalqa, hakimiyyətə hansı xidmətlər göstərə bilər? Hansı enerji ilə, hansı fəalliyyət imkanları ilə?!.
— Bəs, Siz nə deyirsiniz?
— Ziyad Səmədzadə, əlbəttə, yaşlı adamdır, ağsaqqaldır, mənim onun yerinə bu suallara cavab verməyim etik deyil. Mən ədəblə bildirirəm ki, yaxşı olar bu sualı faktiki olaraq bu gün də parlamentdə sizi təmsil edən şəxsin özünə ünvanlayasınız. Deyirlər ki, tapa bilmirik. Doğrudan da, Ziyad müəllim xalqın arasına çıxmır, əhali ilə ünsiyyət qurmur, cəmiyyətə öz mesajlarını vermir. Mən onu başa düşürəm, öz şəxsiyyətini qoruyur. Bilir ki, xalqın arasına çıxsa, müsahibələr versə, çıxışlar etsə, çox böyük ictimai etirazla üzləşəcək. Amma madam bunu başa düşürsə, onda nədən 80 yaşında tapşırıqla mandat əldə etməyi özünə, şəxsiyyətinə, bioqrafiyasına rəva görür, anlamıram.
Baxın, bu günlərdə bir seçici məndən soruşdu ki, Ziyad Səmədzadə hakimiyyət üçün, prezident üçün Xarici İşlər nazirinin sabiq müavini Hafiz Paşayevdən daha önəmli adamdırmı? Ardınca izah etdi, dedi ki, prezidentin verdiyi müvafiq mesajdan sonra, çox hörmətli Hafiz Paşayev dövlət başçısına ərizə ilə müraciət etdi, XİN-dəki postundan getdi. Bəs, necə olur, 1941-ci ildə anadan olmuş Hafiz Paşayev kimi çox önəmli, Azərbaycanda da, xaricdə də yetərincə böyük nüfuzu olan bir şəxsiyyət Prezidentin meydanın yeni nəsil nümayəndələrinə verilməsi zərurəti ilə bağlı çıxışından sonra vəzifəsindən könüllü gedir, ancaq 1940-cı il təvəllüdlü Ziyad Səmədzadə tam tərsinə hərəkət edir?
— Səsverməyə 1 həftə qalıb, Sizcə, Ziyad Səmədzadə namizədliyini geri götürə bilərmi?
— Mənim tanıdığım Ziyad müəllim bu addımı mütləq atmalıdır. Azərbaycan naminə, xalq naminə, hakimiyyət naminə, prezident naminə, sosial siyasəti, iqtisadi münasibləri yenidən formatlayacaq, Azərbaycanın beynəlxalq imicini daha da yüksəldəcək islahatlar naminə, dövlətimizin yeni geopolitik dönəmdən faydalanıb Qarabağı işğaldan azad etməsi naminə, nəhayət bundan sonrakı ömrünü xalqın sevgisi ilə yaşaması naminə bu addımı atmalıdır. Bunu Ziyad Səmədzadənin seçki şüarı da zəruri edir. Biz cəmiyyət olaraq bir ziyalı kimi ona güvənimizin sarsılmamasını istəyirik. Ziyalı isə odur ki, yeni nəslin, yeni yanaşmaların, yeni təşəbbüslərin önünü açır! Baxın, Azərbaycanda 125 seçki dairəsi var, onlardan 29-u Bakı şəhərində yerləşir. Müvafiq 29 dairədən 20-də köhnə deputatlar yenidən namizəddir. Əgər yenidən namizədliyini vermiş 20 deputatın hər biri qələbə qazanarsa, bu parlamentin tərkibinin Bakı üzrə yalnızca 31 faiz yenilənməsi deməkdir. Bu nisbət Azərbaycanda islahatların perspektivini şübhə altına almırmı?
Mən ömrümü prezident İlham Əliyevin ideoloji-siyasi yoluna bağlamış adamam, dövlət başçısının gerçəkləşdirməkdə olduğu islahatların millətimiz üçün, gələcəyimiz üçün nə qədər böyük önəm daşıdığını şüurlu şəkildə dərk edirəm. Ona görə də açıq demək istəyirəm, bu nisbətin yüksəlməsini, ən azı 50 faizi adlamasını təmin etmək üçün YAP-ın resurslarının bir neçə dairədə köhnə bitərəf deputatların lehinə işləməsinin qarşısı alınmalıdır. Bakı şəhəri üzrə ən yaşlı namizəd Ziyad Səmədzadə olduğu üçün, həmçinin müvafiq elektoral bölgədə mənim timsalımda həm xalqa, həm də hakimiyyətə kifayət qədər yaxın bir namizəd olduğu üçün dəyişimə ilk növbədə 23-cü dairədə şərait yaradılmalıdır.
Mən nə özümü, nə də başqalarını aldatmaq istəmirəm. Konkret dairədəki bütün namizədlərə böyük fərqlə qələbə qazanmaq imkanım var, kampaniyanın nəticələri də bunu göstərir, amma YAP-ın resurslarına qalib gəlməyim mümkün deyil. YAP isə öz seçki planlaşdırmasında bu dairəni məhz bitərəflər üçün nəzərdə tutduğundan Bakının ən mərkəzi səmtlərini əhatə edən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsini islahatlardan həm rasional, həm də emosional planda qoparmamaq, əksinə, bu dairəni islahatların əsas elektoral dəstək seqmentlərindən birinə çevirmək rahatlıqla mümkündür. Bu rahatlığı isə o yaradır ki, 23 saylı dairənin seçiciləri prezident İlham Əliyevin savadlı, müasir, vətənpərvər yeni nəsil nümayəndələrinin önə çıxması zərurəti ilə bağlı verdiyi mesajı tamamilə mənimsəyiblər.
— Ancaq həmin dairədə gənc namizəd Zaur Darabzadə də var və bəzi ehtimallara görə, Ziyad Səmədzadə geri çəkilərsə, hakimiyyət onun üzərində dayana, YAP-ın resursları onun lehinə istifadə edilə bilər...
— Bu sualı verməsəydiniz, təəccüblənərdim. Madam soruşursunuz, deyim. Zaur Darabzadənin kampaniyası iflasa uğrayıb, həmyaşıdı Toğrul Vəliyev ondan daha səriştəli kampaniya aparır. Dünən guya seçicilərlə görüş keçirib, orada mənim bir nümayəndəm də iştirak edirdi deyə, dəqiq məlumatlıyam. Gənclərə xitabən kampaniya aparan namizədin görüşünə gənclər, demək olar ki, gəlməyib. Yaxud iddia edir ki, guya bir gündə şəxsən 500 qapı döyür. Hər qapıda 5 dəqiqə seçici ilə söhbət etsə, bu, 2500 dəqiqə edir, halbuki sutkada cəmi 1440 dəqiqə var. Belə çıxır ki, nadinc uşaqlar kimi qapını döyüb qaçır?
Üçüncüsü, MSK-nın saytında yer alan rəsmi məlumata görə, Zaurun ali təhsili belə yoxdur. 23-cü dairənin seçicilərinin böyük bir qismi intellektuallardır. Ali təhsili olmayan, Azərbaycanın test sistemindən keçərək bakalavr diplomu əldə edə bilməyən bir namizəd belə yüksək təhsil göstəricilərinə malik dairədən necə, niyə namizəd olub, onu anlamağa çətinlik çəkirəm. Məgər Azərbaycanın “dəyər verən gələcəyi” savadsız, təhsilsiz olmalı, sinəsində Rusiyanın imperiya rəmzi olan “Georgi lenti”ni gəzdirməlidir? Yadınızdadırsa, 2014-cü Azərbaycanda “Georgi lenti” paylanmışdı, o lenti paylayan “İrəli” Gənclər Təşkilatının nümayəndələrindən biri də məhz adını çəkdiyiniz şəxs idi. Bizim parlamentin adı isə MİLLİ MƏCLİSdir! “Georgi lenti” paylayanları Milli olan bir Məclisin qarşısından keçəcək hansısa avtobus marşrutunun son dayanacağında gözləməsi belə böyük qəbahətdir. Ona görə də dediyiniz ehtimalı, əsla, mümkün saymıram.
— Bir qədər də deputatı olmaq istədiyiniz dairənin spesfik problemləri barədə danışmanızı istərdik. Vətəndaşlar daha çox hansı cari problemləri qaldırır?
— Dediyim kimi, 23 saylı dairə spesfik elektoral bölgədir. Bu dairənin bir ucu İçərişəhərdir, bir ucu “Kubinka”. “Kubinka”da vətəndaşlar öz yaşayış massivlərinin plana düşməsini, sökülməsini istəyirlər, İçərişəhərdə isə daha yaxşı qorunmasını. Təsəvvür edirsiniz, bir dairədə artıq iki iç seqment var, biri mühafizəkardır, İşərişəhərin göz bəbəyi kimi qorunmasını vacib sayır, digəri isə radikal infrostruktur dəyişikliyi, yeni layihələr tələb edir. Bax, elə bu məqam bir daha təsdiq edir ki, xalqın, dövlətin, dövlət başçısının yeni parlamentdən gözləntilərini qarşılamaq üçün bu dairənin deputat son dərəcə kompitent, siyasəti sorğulamaq səriştəsinə və yeni ideyalarla çıxış etmək potensialına malik olmalıdır.
— Ancaq bir məsələ də var ki, mojaritar seçki sistemində seçicilər öz təmsilçilərini lokal problemlərlə yükləyirlər...
— Düzdür, amma yaxşı ki, bizim dairədə vəziyyət fərqlidir. Məsələn, mən gedib Vaqif Axundova, Bəylər Əyyubova, Rüstəm Usubova necə deyə bilərəm ki, siz mənə səs verin, mən sizin problemlərinizi həll edəcəm? Onların hər biri yüksək vəzifəli şəxslərdir, hər ay minlərlə vətəndaşın problemini həll edirlər. Qənirə Paşayeva, sadəcə öz seçicilərinin sevimlisi deyil, bütün Azərbaycanda ümid yeri kimi baxılan bir deputatdır, bizim dairədə qeydiyyatdadır. Mən əminəm ki, Qənirə xanım səs verəndə ona baxacaq ki, kim onun qədər xalqa can yandıracaq, cəmiyyətlə onun qədər intensiv ünsiyyətdə olacaq. Çox hörmətli Nərgiz xanım Paşayeva da məhz 23-cü dairədə seçicidir. Nərgiz xanımın Azərbaycanın elmi, intellektual mühitində xüsusi çəkisi var.
Filologiya elmləri doktoru, professor Nərgiz xanım fəal vətəndaşdır, şübhə etmirəm ki, səsvermədə mütləq iştirak edəcək. Səsvermə isə gizlidir, seçicilərin hansı namizədə səs verdiyini heç vaxt heç kim bilmir. Seçki kampaniyasının belə bir “qızıl qaydası” var, nüfuzlu bir insanın sənə səs verməsini istəyirsənsə, bu istəyini açıq ifadə etməlisən. Odur ki, mən çox hörmətli Nərgiz xanımdan 23-cü dairədən parlament üzvlüyünə islahatçı bir namizəd olaraq səs istəyirəm. Bütövlükdə isə, seçki komandamızla birlikdə sizin verdiyiniz sual üzərində biz bu şəkildə düşündük ki, istər hakimiyyətin yüksək ranqlarında, istər bürokratik sistemdə, istərsə də yüksək ziyalı təbəqəsində, qısacası, isteblişmentdə təmsil olunan seçicilərimizdən necə dəstək ala bilərik?
Müzakirələr nəticəsində belə qərara gəldik ki, dairədəki vəzifəli şəxslərin, intellektualların seçim meyarı sadə vətəndaşların seçim meyarları ilə üst-üstə düşür. Hər kəs namizədlərin ümumi siyahısını nəzərdən keçirəndə o sualı səsləndirir ki, kim Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara daha çox töhfə verə bilər? Bizim dairədən namizədliyini irəli sürənlər arasında mənə bir nəfər göstərin, “Taleh, bu namizəd islahatlara səndən daha çox töhfə verə bilər” deyərək arqumentlərinizi sadalayın, inandıra bilsəniz, söz verirəm, dərhal namizədliyimi həmin şəxsin xeyrinə gedib geri götürəcəm!..
Zaur Hacılı
Demokrat.az