Sağlamlıq

"Hər dəfə sabunla yuyunmaq ziyandır"

Hər dəfə sabunla yuyunmaq ziyandır

Qadınlar arasında yayılan ən böyük yanlışlardan biri hər dəfə tualetdən sonra sabunla yuyunmağın gigiyenik olmasını düşünməsidir. Ginekoloq Olqa Ulankina bildirir ki, bu cür "həddindən artıq təmizlik" faydadan çox ziyan gətirir. Həkimin sözlərinə görə, orqanizmin özünümüdafiə mexanizmini pozmaq ciddi xəstəliklərə yol açır.

"Bu orqanın öz müdafiə mexanizmləri var. Selikli qişa və təbii mikroflora zərərli mikroorqanizmlərə qarşı sədd yaradır" deyən ekspert tez-tez sabun istifadəsinin qələvi balansını pozduğunu vurğulayır. Sabun, xüsusən də antibakterial olanlar faydalı laktobakteriyaları məhv edir. "Nəticədə quruluq, qıcıqlanma, mikroçatların yaranma riski artır və bu da iltihabi proseslərə səbəb olur" deyə Olqa Ulankina izah edir.

Həkim qeyd edir ki, hər dəfə tualetdən sonra sabundan istifadə etməyə ehtiyac yoxdur. Gün ərzində sadəcə ilıq su ilə təmizlik kifayətdir. Xüsusi intim gigiyena vasitələrindən isə gündə ən çox 1-2 dəfə istifadə edilə bilər. Xüsusilə həssas dərisi olan və ya tez-tez göbələk infeksiyası yaşayan qadınlar bu mövzuda daha diqqətli olmalıdırlar.

Həmçinin təbii parçadan olan alt paltarlarına üstünlük vermək və dar geyimlərdən qaçmaq məsləhətdir. "Əgər tualet zamanı ağrı, tez-tez sidiyə getmə və ya digər narahatedici əlamətlər varsa, mütləq həkimə müraciət edilməlidir" deyə həkim xəbərdarlıq edir.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova