ABŞ hökuməti işini dayandırdı

XARİCİ SİYASƏT 01 oktyabr 2025, 09:26
1 oktyabr tarixində, şərq vaxtı ilə 00:01-də (Bakı vaxtı ilə 08:01) ABŞ-də hökumət fəaliyyətini rəsmən dayandırıb (şatdaun). Buna səbəb Konqresin yeni maliyyə ili üçün büdcəni qəbul edə bilməməsi olub.

Demokrat.az RBK-ya istinadla xəbər verir ki, şatdaun dövründə dövlət qurumlarının vəsait xərcləməsi qadağan edilib.

Əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilib, yalnız kritik sahələrdə çalışanlar - tibb işçiləri, sərhəd mühafizəçiləri, hərbçilər, nəqliyyat işçiləri və digərləri maaşsız işləməyə məcbur olacaqlar.

Bu, son yeddi ildə ilk tam şatdaundur. Son illərdə Konqres, adətən, müvəqqəti büdcə qanunları (continuing resolution, CR) qəbul etməklə hökumətin fəaliyyətini qismən davam etdirirdi. ABŞ müasir tarixində, indiki də daxil olmaqla, 21 dəfə şatdaun baş verib.

Ən uzunmüddətli şatdaun ABŞ Prezidenti Donald Trampın ilk prezidentlik dövründə qeydə alınıb. O, 2018-ci ilin 22 dekabrından 2019-cu ilin 25 yanvarınadək 35 gün davam edib. Həmin vaxt ödənişsiz məzuniyyətə göndərilən dövlət qulluqçuları ərzaq yardımı almağa məcbur qalmış, maaşsız işləyənlər isə kütləvi şəkildə xəstəlik vərəqəsi götürmüşdülər. Bu proses ABŞ iqtisadiyyatına 3 milyard dollara başa gəlmişdi.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyi də şatdaunla bağlı bəyanat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top