Banklar debet kart limitlərini azaldır: Nələr dəyişəcək? — DETALLAR

GÜNDƏM 25 sentyabr 2025, 13:29
Son zamanlar bankların debet kartlarına tətbiq etdikləri limitlərin azaldılması müşahidə edilir. Burada söhbət həm kartdan-karta, həm də karta mədaxil zamanı tətbiq edilən limitlərdən gedir. Bəs bu addım hansı məqsəd daşıyır?

Bu barədə Demokrat.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bankların məntiqinə görə, limitlərin azaldılması problemli kreditlərlə mübarizə cəhdidir:



“Çünki debet kartlara bir neçə müddətlik faizsiz vəsaitə çıxış imkanları əlavə olunurdu, indi onlar məhdudlaşır. Belə görünür, Mərkəzi Bankın banklarla birgə hədəfi ondan ibarətdir ki, hansısa formada istehlak kreditlərinin həcmi azaldılsın. Bu həcmin azaldılması da problemli kreditlərlə bağlı yaranmaqda olan problemlərin qarşısını kəsmək üçündür”.

Natiq Cəfərli qeyd edib ki, bu addımlar iqtisadiyyatda müəyyən problemlərə yol aça bilər:

“Onsuz da iqtisadiyyatda pul dövriyyəsi azalıb. Belə demək mümkünsə, iqtisadiyyatda ‘pul aclığı’ var – istər biznesdə, istər özəl sektorda uzunmüddətli və aşağı faizli kredit imkanları məhduddur. Belə məhdudiyyətlər artdıqca ölkə iqtisadiyyatında müəyyən daralmalar yaranacaq. Onsuz da bu, müşahidə olunur – ÜDM 8 ayda cəmi 0,9 faiz artıb, bu, çox aşağı göstəricidir. Problemli kreditlərlə mübarizə dərinləşdikcə, başqa sahələrdə problemlər çıxacaq. Burada ‘qızıl orta’nın tapılmasına ehtiyac var”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 14:55
Top