Fəzail Ağamalı: “Sülh sazişi bu tarixdə imzalana bilər”

GÜNDƏM 05 sentyabr 2025, 11:51
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması baxımından 8 avqust tarixində Vaşinqtonda keçirilən görüşlər xüsusi əhəmiyyət daşıyır. Bu görüşlərdən sonra demək olar ki, tərəflər arasında yeni bir mərhələ başlayıb”.

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. 

O bildirib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi zəruridir:

“Uzun illərdir münasibətlərin normallaşmasına mane olan əsas faktorlar xüsusilə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları artıq gündəmdədir. Bu məsələnin aradan qaldırılması vacib şərt kimi qoyulub. Çünki Ermənistanın mövcud hüquqi sənədlərində, xüsusilə də müstəqillik aktı və Konstitusiyanın preambulasında Azərbaycana qarşı ərazi iddiaları hələ də mövcuddur. Bu dəyişikliklər olmadan sülhdən və ya geniş əməkdaşlıqdan danışmaq qeyri-real görünür”.

F.Ağamalı qeyd edib ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri prosesə ciddi təsir göstərə bilər:

“Hazırkı vəziyyətdə Paşinyanın komandası seçkilərdə qalib gələcəyi təqdirdə, sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addımlar atılacaq. 

Əks halda, Paşinyan hakimiyyətdən uzaqlaşdırılarsa və ya onun əvəzinə revanşist qüvvələr hakimiyyətə gələrsə, prosesin gedişatı qeyri-müəyyən və mürəkkəb ola bilər. 

Əgər hər şey stabil davam edərsə və Ermənistan öhdəliklərinə əməl edərsə, 2026-cı ilin ikinci yarısından etibarən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesi real mərhələyə keçəcək. Bu, təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün də sabitlik və inkişaf baxımından mühüm dönüş nöqtəsi olacaq”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 12:57
Top