Sentyabrda evlırin kirayə qiymətləri bu qədər olacaq: Tələbə axını bazarı silkələdi

SOSİAL 27 avqust 2025, 22:06
“Sentyabr ayında ali məktəblərdə dərslərin başlanması hər il Bakıya və digər böyük şəhərlərə minlərlə tələbənin axınına səbəb olur. Bu, birbaşa olaraq kirayə mənzil bazarına təsir göstərir”.

Bunu Demokrat.az-a açıqlamasında əmlak eksperti Nüsrət Vəliyev deyib.

O bildirib ki, tələbələrin çoxalması kirayə mənzillərə marağı artırır:

“Mənzillərin sayı isə eyni qalır, nəticədə qiymətlər qalxır. Əvvəllər bu bahalaşma yalnız payız aylarında müşahidə olunurdu. Tədris ili başlayanda qiymətlər yüksəlir, sonra yavaş-yavaş sabitləşirdi. Son illərdə isə vəziyyət dəyişib. Artıq qiymət artımı yalnız mövsümlə bağlı deyil. İlboyu davam edən sabit bir bahalaşma müşahidə olunur. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, paytaxtda tikinti tempi əvvəlki illərlə müqayisədə zəifləyib. Yeni mənzillərin bazara çıxışı azalıb. İkinci səbəb xaricdən gələn tələbə və mütəxəssislərin artmasıdır. Bu da əlavə tələbat yaradır. Digər səbəb isə şəhərlərə daxili miqrasiya ilə bağlıdır”.

Ekspert deyib ki, rayonlardan paytaxta köçənlərin sayı artıb:

“Əlavə olaraq, bəzi ev sahiblərinin mənzilləri uzunmüddətli kirayəyə vermək əvəzinə gündəlik icarəyə yönəltməsidir. Bu da bazarda seçim imkanlarını azaldır. Nəticədə tələb çox, təklif az qalır və qiymətlər qalxır. Ən çox bahalaşma 1 və 2 otaqlı mənzillərdə hiss olunur. Çünki tələbələr, gənc ailələr və yeni işə başlayan şəxslər əsasən bu tip mənzillərə üstünlük verirlər. 

Yaxın aylarda qiymətlərdə yenidən artım gözlənilir. Xüsusilə universitetlərə yaxın ərazilərdə 10–20% civarında bahalaşma mümkündür. Mərkəzi rayonlarda bu artım daha qabarıq hiss olunacaq. Kirayə qiymətlərindəki bahalaşma yalnız tələbələrə yox, eləcə də şəhərdə yaşayan və işləyən digər insanlara da təsir edir. Çünki ümumi bazarda qiymətlər qalxdıqca hər kəs daha çox ödəməli olur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 avqust 2025, 22:54
Top