Ekspert: "33 direktorun azad edilməsi böyük rezonans doğurmalıdır"

SİYASƏT 14 avqust 2025, 13:13
“Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. 

Ekspert bildirib ki, bu fakt özü-özlüyündə ciddi bir məsələdir:

“Təkcə bir region üzrə bir gündə 33 məktəb direktorunun işdən çıxarılması adi, keçici bir xəbər kimi qəbul olunmamalıdır. İlk baxışdan təqdirəlayiq addımdır. Yoxlamalar aparılıb, pozuntular aşkarlanıb, nəticədə tədbir görülüb. Amma burada bir neçə mühüm məqama diqqət çəkmək istəyirəm. Əgər hər ay 3-4 direktorun işdən azad olunması ilə nəticələnən tədbirlər ictimaiyyətə açıqlansaydı, bu, həm xəbərdarlıq, həm də maarifləndirici funksiyanı yerinə yetirərdi. Bu 33 direktor konkret hansı səbəblərə görə işdən çıxarılıb? Maliyyə pozuntuları deyilir, amma bu çox ümumi ifadədir. Təhsil ictimaiyyəti, müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət bu pozuntuların dəqiq nədən ibarət olduğunu bilməlidir. Bu məlumatlar yalnız cəza deyil, eyni zamanda dərs xarakteri daşımalıdır. Çünki söhbət 33 məktəbdən gedir. Bu, yüzlərlə müəllim, minlərlə şagird və valideyn deməkdir. Belə bir miqyasda məsuliyyət daşıyan rəhbərlərin vəzifədən uzaqlaşdırılması böyük rezonans doğurmalı və bunun səbəbləri geniş ictimaiyyətə açıqlanmalıdır. Bundan əvvəl Bakı şəhəri üzrə, digər regional idarələr üzrə də oxşar tədbirlər həyata keçirilmişdi. Amma bu qədər kütləvi və eyni gündə belə bir addım atılması ilk dəfədir ki, baş verir. Bu da onu göstərir ki, uzun müddət ərzində yığılıb qalmış problemlər varmış və indi birdən-birə üzə çıxarılıb”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top