Deputat: Ermənistan öhdəlikləri yerinə yetirməsə, ABŞ qarşısında etibarsız tərəfdaş olacaq

GÜNDƏM 11 avqust 2025, 13:00
“ABŞ-da çox mühüm tarixi razılaşma əldə edildi və bu, regiona uzunmüddətli sülh vəd edir. İmzalanan sənədlər hələ implementasiyaya hazır deyil. Ona görə ki, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistanın “ev tapşırıqları” var”. 

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır:

“Ona görə də, artıq bu gündən etibarən Ermənistan öz Konstitusiyasında dəyişikliklər etmək üçün hazırlıq işlərinə başlamalıdır. Çünki bu hüquqi-siyasi aksiya baş tutmadan sülh mümkün olmayacaq. Beləliklə, Ermənistan üzərinə götürdüyü öhdəliklərdən imtina etməklə, ABŞ qarşısında da etibarsız tərəfdaş kimi tanınacaqdır. Bu isə hazırkı mürəkkəb şəraitdə və Tramp kimi qətiyyətli bir prezidentin fonunda heç də Ermənistanın xeyrinə olmaz. Bu proses vaxt tələb edir, amma vaxt uzandıqca sülhlə bağlı yeni risklər və təhdidlər yarana bilər. Bu isə, ümumiyyətlə, Ermənistanın mövcudluğu ilə bağlı suallar doğura bilər. Ona görə də artıq dərhal Ermənistanda ictimai rəyin formalaşdırılması, referendum keçirilməsi və Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması istiqamətində addımlar atılmalıdır. Əldə olunmuş razılaşmaların icrası və hüquqi status qazanması üçün vacibdir.  Əks halda, zaman Ermənistanın əleyhinə işləməyə başlayacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 15:43
11 avqust 2025, 14:40
Top