Sədr: "Azərbaycan TDT katibliyinin büdcəsinə əlavə iki milyon dollar ayırıb"

GÜNDƏM 29 sentyabr 2025, 09:58
"Son beş ildə regionumuzda baş verən geosiyasi və geoiqtisadi proseslər Türk Dövlətləri Təşkilatına (TDT), onun həyata keçirdiyi layihələrə diqqəti və marağı artırıb".

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Türk Dövlətləri Təşkilatı: Qlobal nizamsızlıq dövründə regional aktor kimi" adlı konfransda deyib.

O bildirib ki, bu, bizim üçün böyük fürsətdir və biz onu əməkdaşlığımızı daha da dərinləşdirmək üçün dəyərləndirməliyik:

"Azərbaycan hər zaman xarici siyasətində TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək verib. Prezident İlham Əliyev TDT ilə əməkdaşlığı və təşkilatın gücləndirilməsini Azərbaycan xarici siyasətinin prioriteti kimi müəyyən edib, "bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur" ifadəsi ilə bölgədəki digər təşkilatlara da mesaj verib. İlk olaraq məhz Azərbaycan TDT katibliyinin büdcəsinə əlavə iki milyon dollar ayırıb, TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsünü də irəli sürüb".

"Azərbaycan və Ermənistan arasında diplomatik müzakirələr və normallaşma prosesi çərçivəsində müəyyən razılaşmalar əldə olunub. Bu, regionumuz üçün yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşma perspektivlərinin artması türk dövlətləri arasında nəqliyyat və enerji sahəsində yeni imkanlar üçün şərait yaradır. Bu istiqamətdə türk dövlətlərinin dəstəyi olduqca mühüm və həlledici rol oynayır. Bu dəstək, eyni zamanda, Orta Dəhlizin gücləndirilməsinə, təhlükəsizliyimizin təmin edilməsinə və xalqlarımız arasında həmrəyliyin dərinləşməsinə xidmət edəcək. Bütün bunlar isə regiondakı gücümüzü artıracaq və dünya siyasətində mövqeyimizi daha da möhkəmləndirəcək", - F.Şəfiyev vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 09:56
Top