Yazıçı: "Cəmiyətin mövqeyi pedofilin deyil, qurbanın yanında olmalıdır"

GÜNDƏM 06 avqust 2025, 15:19
"Uşaqbazlıq və pedofiliya bu gün dünyanın ən ciddi problemlərindən biridir. Uşaq əməyinin istismarı ilə yanaşı, azyaşlıların seksual istismarı da qlobal təhlükəyə çevrilib. Azərbaycanda bu hallar nisbətən az müşahidə olunsa da, erkən nikah, azyaşlıların ərə verilməsi və ya yaşlı şəxslərlə evləndirilməsi də pedofiliyanın bir forması hesab olunur".

Bu sözləri Demokrat.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, cəmiyyətin bütün təbəqələri – tanınmış şəxslər, jurnalistlər, sosial media istifadəçiləri, blogerlər, dövlət orqanları ilə birgə bu hallara qarşı sərt mövqe sərgiləməli, mənəvi dayaq olmalıdır:

"Mentalitetimizdə uşaqlara isti münasibət, öpmək, qucaqlamaq normal sayılsa da, bəzi hallarda bu davranışlar pedofiliya əlaməti kimi qəbul edilə bilər.

Araşdırmalar göstərir ki, pedofiliya çox zaman yaxın çevrədə, qohumlar, tanışlar, ögey valideynlər tərəfindən törədilir. Pedofiliya yalnız fiziki təcavüz deyil, həm də psixoloji və intim hisslərin uşağa yönəlməsidir. Bu səbəbdən cəmiyyət tərəfindən güclü ictimai qınaq və sərt cinayət məsuliyyəti olmalıdır".

O deyib ki, məsələnin kökündə tez yetkinləşməyə səbəb olan qidalar, həyat tərzi, internetdə pornoya asan çıxış, uşaqlara yönəlik erotik məzmunun yayılması dayanır:

"Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, media və internet platformaları birlikdə belə hallara operativ reaksiya göstərməlidirlər.

Bəzən qurban olan uşaqlar, xüsusən qızlar, zorakılığa məruz qaldıqdan sonra cəmiyyət tərəfindən təcrid edilir, ailələri onlardan imtina edir. Halbuki, ictimaiyyətin mövqeyi pedofilin deyil, məhz qurbanın yanında olmalıdır.

Bu istiqamətdə marifləndirmə kampaniyaları, ictimai müzakirələr, sərt qanuni dəyişikliklər və pedofiliya meyilli şəxslərin cəmiyyətdən təcrid edilməsi vacibdir ki, belə cinayətlərin qarşısı alınsın".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top