Azərbaycanın region üçün əhəmiyyəti: 14-cü ölkəyə qaz nəqli

GÜNDƏM 04 avqust 2025, 14:35
"Azərbaycan qazının Suriyaya nəqli kifayət qədər əhəmiyyətli bir məsələdir. İlk növbədə onu diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan bundan əvvəl Avropanın bir çox ölkələrinin enerji təchizatının bir hissəsinə çevrilmişdirsə, artıq təkcə Qərb dövlətləri deyil, Asiya ölkələri ilə yanaşı, eyni zamanda Yaxın Şərqə də qaz nəqli etməklə həmin ölkələrin də enerji təchizatına təminat vermiş olur".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

"Bu, Suriyaya ötürülən qaz nəqli Azərbaycanın artıq 14-cü ölkəyə qaz nəql etməsi deməkdir. Bu da Azərbaycanın regionda əhəmiyyətini göstərən əsas amillərdən biridir. Çox qısa müddət ərzində, rekord bir vaxtda Suriyaya qaz nəqlinin həyata keçirilməsi diqqət çəkən məqamdır".

O bildirib ki, bu prosesdə Türkiyə də çox önəmli rol oynayıb:

"Suriyaya qaz Türkiyə üzərindən nəql olunur və Türkiyənin Qilis şəhərindən birbaşa Hələbə ötürülən Azərbaycan qazı faktiki olaraq Suriyanın yenidən qurulmasına, Suriyaya dəstək kampaniyasına böyük töhfə verir.

Məlumdur ki, Suriyanın yenidən qurulmasında və dövlətçiliyinin bərpasında Türkiyənin əhəmiyyətli rolu var. Azərbaycan da bu prosesdə yaxından iştirak edir. Suriyada yeni hökumət qurulandan sonra Rəcəb Tayyib Ərdoğanla yanaşı, Azərbaycan Prezidentinin də bu prosesdə iştirakı diqqətdən yayınmamalıdır".

Deputat deyib ki, Suriya Azərbaycan üçün də əhəmiyyətlidir:

"Çünki Suriyada Azərbaycan türkləri, türkmənlər yaşayır. Bu dövlət uzun illər vətəndaş müharibəsi və böyük güclərin təzyiqləri altında faciələr yaşasa da, bu gün dirçəlmə prosesində həm Türkiyənin, həm Azərbaycanın rolu önəmlidir.

Bu kontekstdən yanaşdıqda, Azərbaycan qazının Suriyaya nəqli Suriyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın bundan sonra da əhəmiyyətli rol oynayacağını göstərir. Bu, Suriya xalqına böyük dəstək və ümid verir.

Gələcəkdə bu prosesin daha da genişləndirilməsi nəzərdə tutulur və Türkiyə ilə Azərbaycan Yaxın Şərqdə də artıq ciddi aktora çevrilmiş olurlar".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 16:42
Top