Evə sərxoş gələn gənc qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 01 avqust 2025, 16:42
Füzuli rayonunda iki qardaş arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Füzuli rayonunun Mahmudlu-2 kəndində baş verib. 

Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Nadir Mahmudov spirtli içki qəbul edib və sərxoş halda yaşadığı evə gedib. Onunla birgə həmin evdə yaşayan qardaşı Nəsimi (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. 

Mübahisə zamanı zərərçəkmiş şəxsin qardaşına qarşı nalayiq ifadələr işlətməsi səbəbindən onu qəsdən yumruqla sol göz nahiyəsinə bir dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən N. Mahmudovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı ilə mübahisə etməsinə səbəb onun evə sərxoş gəlməsi ilə bağlı olub. Özündən böyük olan qardaşı ona spirtli içki içməsinə görə, irad bilidirməsi üstündə mübahisələrin yaranıb. Yaranmış mübahisə davaya çevrilib. Dava sonda cinayətlə nəticələnib.  

Bu cinayət işinə Füzuli Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Həmçinin zərərçəkmiş şəxsin qardaşına qarşı şikayətinin geri götürdüyü məlum olub. 

Bu səbəbdən N. Mahmudovun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top