Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlanıb

HADİSƏ 29 iyul 2025, 13:28
Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb. Pravda.az Teleqraf.az-a istinadla xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib.

Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən mağazalardan birinin qarşısında park edilmiş A.Quliyevə məxsus "Mercedes-Benz S-Class S 450" minik markalı avtomobilin baqaj hissəsinin açıq olmasından istifadə edərək, oradan 50 manat dəyərində olan çantanı və içərisində aşkar etdiyi 20 manat, 50 manat və 100 manatlıq pul əsginaslarından ibarət, ümumilikdə 96 000 manat pulu və dövrün məzənnəsi ilə 34 000 manat təşkil edən 20 000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb.

O, zərərçəkmiş şəxsə ümumilikdə 130 050 manat zərər verib.

İstintaq orqanı tərəfindən F.Cəfərovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü ittiham üzrə qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 26-da axşam saat 22:00-da mağazanın yanından keçərkən marketin qarşısında nömrələrini xatırlamadığı "Mercedes S-klass" markalı avtomobilin baqaj hissəsinin açıq vəziyyətdə olduğunu görüb:

 "Həmin vaxt güclü qar yağdığından kiminsə baqajı unudaraq bağlamadığını düşündüm. Baqajı örtmək istədim. Baqajda əl çantası açıq olduğundan onun içərisində pul əsginası diqqətimi cəlb etdi. Manat və dollar bağlamasını gördüm, ətrafa boylandım. Heç kim yox idi, çantanı götürərək oradan uzaqlaşdım".

Müttəhim qeyd edib ki, daha sonra çantanı evə aparıb, onun içərisindən 7 ədəd bağlamada 100 manatlıq, 1 ədəd bağlamada 50 manatlıq, 1 ədəd bağlamada 20 manatlıq və 1 ədəd bağlamada 100 dollarlıq pul əsginasları aşkar edib:

"Həmin puldan 2 500 manatını borclu olduğum şəxsə göndərdim.

Fevralın 27-də axşam saatlarında yaşadığım evə mülki geyimli şəxslər gəldilər. Mənə xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını, oğurluq cinayəti törətməkdə şübhəli olduğumu bildirdilər. Etiraz etmədim. Onların təklifi ilə yataq otağında çarpayının altında gizlətdiyim pullar olan çantanı təqdim etdim.

Bu oğurluğu tək etmişəm. Avtomobildəki puldan əvvəlcədən xəbərim olmayıb".

İş üzrə zərərçəkmiş qismində danışan A.Quliyevin sözlərinə görə, fevralın 26-da Binədəki istixanadan götürdüyü pomidor məhsullarını bazara təhvil verib, bunun müqabilində aldığı 96 000 manat və 20 000 ABŞ dolları məbləğində pulları özünə məxsus çantaya qoyub:

"Həmin çantanı da özümə məxsus idarə etdiyim avtomobilinin baqaj yerinə qoydum. Həmin gün saat 17 radələrində həmin avtomobilimi yaşadığım binanın yaxınlığında yerləşən marketin qarşısında park etdim və avtomobildən düşərək baqajından siqaret götürdüm. Baqajı avtomatik bağlama düyməsini basdım və baqajın bağlanmasını gözləmədən üzümü çevirib yaşadığım mənzilə getdim. Evdə yatdığım vaxt qəflətən qapı döyüldü. Anamın səsini eşitdim. Qonşunun avtomobilinin yanından keçərkən baqajın açıq olduğunu gördüyünü anama deməsini eşitdim. Dərhal avtomobilin yanına getdim. Baqaja baxanda pulların oğurlandığını gördüm".

Zərərçəkmiş qeyd edib ki, polis əməkdaşları tərəfindən oğurluq edən şəxs müəyyən edilib və onun evinə baxış zamanı avtomobilindən oğurladığı pulların bir qismi aşkar olunub.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Cəfərov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.


   


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top