Bakıda 61 yaşlı kişi bacısını döydü — TƏFƏRRÜAT

HADİSƏ 23 iyul 2025, 15:22
Bakının Nəsimi rayonunda qardaş-bacı arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Əliheydər Məmmədov həmin gün bacısı Şəhla ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı yaşlı kişi bacısının sifətinin və bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Ə. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O, ifadəsində göstərib ki, bacısı ilə birlikdə yaşayır: 

“Hadisə günü, saat 19:40-da həmin ünvanda bacımla aramızda mübahisə yarandı. Mübahisə zamanı Şəhla mənim üzümə tüpürdü və nalayiq ifadələr işlətdi. Mən də cavab olaraq ona qarşılıqlı nalayiq ifadələr işlətdim. Bundan sonra zərərçəkmiş şəxsin yanına gedərkən məni itələdi. 

Mən də qarşılıq verərək əlim ilə onu itələdim. Bu zaman mənim qolum istəmədən zərərçəkmiş şəxsin üzünə dəymdi. Lakin Şəhlanın qolunda olan xəsarətin həmin mübahisə ilə əlaqəsi olmayıb. Sonradan digər otaqda olan qardaşım Faiq gələrək bizi sakitləşdirdi. Bundan sonra bacım Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi”. 

İş üzrə zərərçəkmiş qismində dindirilən Ş. Məmmədovanın sözlərinə görə, hadisə günü saat 19:40-da təqsirləndirilən şəxs mənzilin mətbəxində spirtli içki içib və daha sonra dava salmağa başlayıb: 

“Bu zaman biz bir-birimizin ünvanına nalayiq ifadələr işlətdik. Həmin vaxt Əliheydər üzərimə gələrək şillə ilə üz və bədən nahiyələrimə zərbələr endirdi, mənə xəsarətlər yetirdi. Həmin vaxt evdə olan digər qardaşım Faiq gələrək Əliheydəri məndən uzaqlaşdırdı. Lakin, həmin vaxt Faiq hadisənin birbaşa şahidi olmayıb”.

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Ə. Məmmədov 1200 manat məbləğində cərimə olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top