Bakı–Ankara tandemi həlledici gücə çevrilir — Deputat

GÜNDƏM 15 iyul 2025, 11:47
“Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən “Terrorsuz Türkiyə” planı dövlətin bütün strateji sütunlarını gücləndirdi və Türkiyəni regional hadisələrin aktiv formalaşdırıcısına çevirdi. Türkiyənin terrorla mübarizədə əldə etdiyi uğurlar Cənubi Qafqaz da daxil olmaqla, regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Prezident Ərdoğanın rəhbərliyində Türkiyə daxili sabitliyini təmin edib, terrora son qoyulub və tarixi uğur əldə edilib. Bununla da Türkiyə beynəlxalq arenada öz nüfuzunu daha da artırıb, söz sahibinə çevrilib”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva deyib. O bildirib ki, qardaş ölkənin təhlükəsizliyi və rifahı ölkəmiz üçün də praktik diplomatik qazancların artması deməkdir:

“Ərdoğan çıxışında qeyd edir ki, “ümmətin və milyonlarla məzlumun ümidi” Türkiyəyə yönəlib. Bu, Azərbaycanın da eyni siyasi xətt üzrə İslam dünyasında nüfuzunun daha da artırmasına, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq müstəvilərdə möhkəmlənməsinə xidmət edir. Enerji, nəqliyyat və iqtisadi sahələrində əməkdaşlıq perspektivlərinin artması üçün yeni imkanlar yarada bilər”.

Millət vəkili qeyd edib ki, bu, Azərbaycan üçün həm də Ermənistanla sərhəddə təhlükəsizliyin güclənməsi deməkdir:

“Ərdoğan Ermənistanla normallaşmanı, dialoqun başlamasını və əlaqələrin bərpasını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında şərtləndirir və Ermənistan–Türkiyə münasibətlərində Azərbaycanın maraqlarının qorunduğu diplomatik strukturun qurulmasını vacib hesab edir, Ermənistanla danışıqlarda Ankara–Bakı diplomatik sinxronizasiyasından istifadə edir. Paşinyanın Türkiyəyə səfəri də bunu bir daha sübut etdi. Ermənistan–Türkiyə münasibətlərində hər hansı irəliləyiş Azərbaycanın razılığı və iştirakı olmadan mümkün deyil. Bu isə Bakı–Ankara tandeminin regional və qlobal diplomatiyada əsas həlledici gücə çevrildiyini təsdiqləyir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 15:47
Top