
Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir.
Bu məsələ Milli Məclisdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə və şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma əməlləri ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Lalə Mehralı hesab edir ki, əslində bu dəyişikliklə elə də köklü yenilik olmur, yalnız cəzalandırma sistemində dəyişiklik nəzərdə tutulur:
“Əslində problem qanun deyil, qanuna əhəmiyyət verilməməsidir.. Bizim qanunlarımız donor olmağa könüllü və pulsuz şəkildə olması halında icazə verir. Follikul və sperm donorluğu isə 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Follikulların köçürülməsi süni mayalanma deməkdir. Süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır.
Amma bu gün bu sahədə ciddi xaotik vəziyyət hökm sürür. Yumurta hüceyrələri alveri ilə daha çox sosial şəbəkələrdə məşğul olurlar. Qadın səhifələrində pusquya yatan həkimlər və ya asisentləri qəpik-quruşa əldə etdikləri yumurtaları sonsuzluq problemi olan qadınlara 4 və ya 5 qat baha qiymətə satır. Səhifələr bu işin qanuni olduğunu bildirirlər”.
“Bu, insan alverinin bir forması sayılır”.
Müsahibimiz qeyd edir ki, qanunlarımız ödənişli donorluğu qadağan edir, həkimlər isə qanunları çeynəyir:
“Hər ay sperma, follikul donorluğu edən insanlar var ki, nə etdiyinin fərqində deyil. Yəni o anlamır ki hər ay ondan 3-5-7 yumurta hüceyrəsi götürürlər və süni mayalanma edib pasiyentin bətninə köçürürlər. Yəni donorun övladı başqa bir bətndə böyüyür və o bunun fərqində deyil. Hər ay fasiləsiz hormonal iynələrlə follikul yetişdirib donorluq edən qadınlar, hər ay sperma donorluğu edən kişilər anlamır ki, hər ay 3-5 uşaqları dünyaya gəlir.
Bu işlə məşğul olan klinikalar donorlara heç bir zərəri olmadığını, təhlükəsiz təbii prosedur olduğunu deyirlər. Amma insanları aldadırlar. Əgər qadın follikul satmağa qərar versə, onun yetişməsini sürətləndirəcək hormonal iynələr vurulur. Çünki bu işlə məşğul olan həkimlər 1 follikulla kifayətlənmirlər, işdir, əgər birdən mayalanma getməsə ödənilən pul boşa getməsin deyə ehtiyat follikullar götürülür.
Donora vurulacaq hormonal iynələrlə ən azı 2-3, bəzən daha çox follikul yetişir. Yəni sizə 1 follikul götürüləcəyini deyib müqabilində 500-700 manat ödəyib əslində 3-5, bəlkə də daha çox follikul götürürlər. Həmin an qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər follikulu ayrı-ayrı pasiyentə satırlar, qaz vurub qazan doldururlar.
Nəticədə, bir qadın 10 gün ərzində 2-5 uşaq sahibi olmuş olur. Bir fərq var ki, uşaqlar özünün olsa da, başqa qadının bədənində böyüyür. Yəni donorluq edən insan əslində öz övladını satır”.
Klinikalar ciddi nəzarətə götürülməlidir.
Sosioloq hesab edir ki, süni mayalanma ilə bağlı ciddi nəzarət mexanizmi işlənməlidir:
“Azərbaycan kiçik ölkədir, sabah eyni donordan götürülən yumurta hüceyrələrindən doğulan o uşaqlar bir-biri ilə qarşılaşacaq, aşiq olacaqlar, evlənəcəklər, beləcə insest münasibətlər yaranacaq. Bəlkə də artıq yaranıb. Axı donorların qeydiyyatı aparılmır, qanunun dediyi kimi 1 dəfə donorluq etmirlər, dəfələrlə klinikalara yumurta verirlər. İndi siz təsəvvür edin genefondun necə dəhşətli təhlükə ilə üz-üzə qaldığını”.