Dövlətin bu qərarını dəstəkləməliyik — Millət vəkili

GÜNDƏM 20 iyun 2025, 12:23
"Bir neçə ildir bu mövzu ölkəmizdə aktualdır, tez-tez gündəmi zəbt edir. Koronavirus pandemiyası rəsmən başa çatandan sonra Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına dövlət rəhbərliyi səviyyəsində dəfələrlə münasibət bildirilib, amma buna qane olmayanlar da var". 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, birmənalı olaraq Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil:



"Məlumdur ki, bu taktiki tədbir deyil, strateji xəttdir və bunun bir yox, bir neçə səbəbi var, sadəcə, zəruri olan qədəri cəmiyyətə açıqlanır. Hər kəsə məlumdur ki, Azərbaycanın qonşuluğundakı iki böyük dövlət müharibə vəziyyətindədir, ona görə də ölkəmizə kütləvi qaçqın axını ola bilər. Rusiya 3 ildən artıqdır ki, Ukraynada son 80 illik tarixinin ən qanlı, ən şiddətli müharibəsini aparır, ABŞ və Avropanın qüdrətli ölkələri üz-üzədir. İran isə hər saat ABŞ və İsrail tərəfindən münaqişəyə cəlb oluna bilərdi, hazırda gördüyümüz mənzərə nə qədər haqlı olunduğunu da məlum etdi".

Deputat həmçinin bildirib ki, 44 günlük müharibə, onun nəticələrindən narazı qalan bəzi qonşular, Azərbaycanın daxilini qarışdırmaqla hədələyən dairələrin də mövcudluğunu da nəzərə almalıyıq:

"Hazırda bu məsələnin nə qədər uzanacağını demək çətindir. Sərhədlərin açıq olmasının turizm sektoru üçün əlverişli idi, əminliklə demək olar ki, bu halda ölkə daha artıq, hətta bir neçə qat çox pul qazanacaqdır. Lakin indiki vəziyyətdə biz dövlətimizin bu qərarını dəstəkləməliyik".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top