
Antalyanın füsunkar Belek bölgəsində yerləşən və son illərdə elm-təhsil sahəsində əhəmiyyətli uğurlara imza atan Antalya Belek Universiteti 2024–2025-ci tədris ilini təntənəli məzuniyyət mərasimi ilə yekunlaşdırıb.
Demokrat.az xəbər verir ki, universitet kampusunda keçirilən tədbir məzunlar, valideynlər və akademik heyətin bir araya gəldiyi möhtəşəm bir bayrama çevrilib. Tədbirdə yüksək vəzifəli qonaqlar, professor-müəllim heyəti və tələbələrin yaxınları iştirak ediblər.
Mərasimə tanınmış elm adamı Prof. Dr. Oğuz Özyaral və televiziya siması Yasemin Tekin aparıcılıq ediblər. Rəsmi çıxışlara isə Prof. Dr. Mustafa Fadıl Sözen start verib. O, məzunlara səmimi təbriklərini çatdıraraq vurğulayıb:
“Bu gün bir mərhələnin tamamlanması ilə yanaşı, yeni bir səhifənin də başlanğıcıdır. Uğurlarınız təkcə sizin deyil, ailələrinizin və cəmiyyətin də qürurudur".
Rektor vəzifəsini icra edən Prof. Dr. Abdullah Kuzu çıxışında tələbələrin dördillik əzmini və əməklərini yüksək qiymətləndirərək onların artıq cəmiyyətə xidmətə hazır olduğunu bildirib:
“Bu uğurda əməyi olan hər kəsə — valideynlərə, müəllimlərə və universitet rəhbərliyinə təşəkkür edirəm".
Universitetin Mütəvəlli Heyəti sədr müavini və keçmiş nazir İlker Tuncay çıxışında təhsilin ömür boyu vacibliyini önə çəkib. Hazırda özü də universitetin tələbəsi olan Tuncay biliyin yaşla məhdudlaşmadığını qeyd edib. O çıxışının sonunda Prof. Dr. Mustafa Fadıl Sözenə təşəkkür plaketi təqdim edib:
Mütəvəlli Heyətinin sədri Ekrem Çalkılıç isə məzunlara verdiyi mesajla tədbiri sonlandırıb:
“Buradan yalnız bir diplomla ayrılmırsınız. Siz artıq düşünən, məsuliyyət daşıyan, inkişaf etməyə açıq fərdlərsiniz. Xüsusilə də xarici dil biliklərinizi inkişaf etdirməyə davam edin. Uğur biliklə olduğu qədər şəxsiyyətlə də ölçülür".
Tədbirin sonunda fakültə və kollec birinciləri universitetin şərəf kitabına adlarını yazıblar. Ardınca Prof. Dr. Oğuz Özyaralın rəhbərliyi ilə məzun andı içilib. Keplerin səmaya atılması isə mərasimin emosional və simvolik zirvəsi olub.
Gecənin növbəti hissəsində səhnəyə məşhur DJ Hakan çıxıb. Tələbələr dərs və imtahanların yaratdığı stresdən azad olaraq musiqi və rəqs dolu bir gecə ilə məzuniyyət sevincini yaşayıblar.
Qeyd edək ki, 2015-ci ildə Antalya Mədəniyyət və Təhsil Vəqfi tərəfindən əsası qoyulan və 2017–2018-ci ildən fəaliyyətə başlayan universitet çağdaş təhsil metodları, praktikyönümlü proqramları və beynəlxalq tələbə profili ilə seçilir. Serik-Kadriye kampusunda hüquq, mühəndislik, psixologiya, qastronomiya, memarlıq və media kimi sahələrdə 21 müxtəlif proqram üzrə tədris aparılır. Hazırda universitetdə 23 ölkədən gəlmiş tələbələr təhsil alır.