"Bizim ortaq bir amalımız var - ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı"

XARİCİ SİYASƏT 15 iyun 2025, 16:51
Bu gün - Milli Qurtuluş Günündə burada toplaşmağımız tarixi yaddaşımıza ehtiramın, həm də gələcəyə yönəlik qətiyyətli baxışımızın təzahürüdür.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıb: “1993-cü ilin iyununda ölkəmiz taleyüklü bir seçim qarşısında idi. Milli xaosdan dövlət quruculuğuna, təhlükədən sabitliyə, ümidsizlikdən qurtuluşa gedən yol məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. O dövrdə təkcə idarəçilik deyil, inam, ümid və ləyaqət bərpa olundu. Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin əsas təməl daşları – Konstitusiyamız, milli suverenliyimiz və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasət xətti formalaşdı”.

Dünyanın sürətlə dəyişdiyini deyən B.Muradova ədalət axtarışının lokal deyil, qlobal bir ehtiyaca çevrildiyini vurğulayıb: “Siyasi partiyalar bu axtarışda xalqların iradəsinin daşıyıcısı və vicdanın siyasi tərcümanı kimi çıxış etməlidir. Biz fərqli regionlardan gəlmiş ola bilərik, lakin ortaq bir amalımız var: ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı. Bugünkü mürəkkəb beynəlxalq mənzərə – istər silahlı münaqişələr, istər insani fəlakətlər, istərsə də qlobal iqlim və iqtisadi böhranlar onu göstərir ki, xalqlar arasında, siyasi istiqamətlər arasında həmrəylik olmadan ədaləti tam şəkildə bərpa etmək mümkün deyil. Bu baxımdan Avrasiya məkanında fəaliyyət göstərən siyasi partiyaların qarşılıqlı əməkdaşlığı son dərəcə mühümdür. Biz bu əməkdaşlığı yeni beynəlxalq dialoq formatlarına çevirməliyik. Burada Yeni Azərbaycan Partiyasının təşəbbüsləri və açıq siyasəti digər partiyalarla sağlam tərəfdaşlığa geniş imkanlar yaradır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top