“Əhali yaşlandıqca, bir neçə ciddi sosial və iqtisadi problem ortaya çıxır” — Sosioloq

GÜNDƏM 12 iyun 2025, 19:26
Azərbaycanda əhalinin ümumi sayı artsa da, uşaqların sayında azalma, əvəzində yaşlı insanların sayında artım müşahidə edilir.  Ölkədə əhalinin yaş strukturu dəyişir, cavanlaşma yox, əksinə, qocalma müşahidə olunur. 

Sosioloq Yusif Nəbiyev Demokrat.az-a açıqlmasında deyib ki, əhalinin yaş strukturu dəyişdikcə, cəmiyyətin dinamikası da qaçılmaz olaraq dəyişir:

“Yeni doğulan uşaqların sayının azalması fonunda yaşlıların ümumi əhali sayındakı nisbətinin artması klassik demoqrafik keçid modelinə bənzər bir prosesdir. Bu modelə görə, ilkin mərhələdə doğum və ölüm yüksək olur, sonra isə ölüm azaldıqca doğum da tədricən azalır. Nəticədə cəmiyyət yaşlanır və əhali artımı yavaşıyır, bəzən isə tam dayanır. BMT bu tendensiyanı “sakit demoqrafik böhran” adlandırır. Necə deyərlər, səs-küy salmadan gələcək problemlərin təməlini qoyan bir proses.  Əhali yaşlandıqca, bir neçə ciddi sosial və iqtisadi təhdid ortaya çıxır. Birincisi, əmək bazarında aktiv işçi qüvvəsinin azalması istehsalatı zəiflədir, iqtisadi inkişafı ləngidir və sosial təminat sistemlərinə ,pensiya fondlarına, səhiyyə büdcələrinə  daha çox yük düşür. Digər tərəfdən, ailə strukturları dəyişir: gənclərin ailə qurmaq yaşı yüksəlir, bir çoxu uşaqlardan imtina edir, bu da doğum səviyyəsini daha da aşağı salır. Klassik “sosial təminat üçbucağı” balansdan çıxır. Sosioloqların tez-tez “risk cəmiyyəti” olaraq adlandırdıqları bu tip cəmiyyətlərdə fərdlər sosial və iqtisadi risklərə qarşı daha açıq və müdafiəsiz vəziyyətə gəlirlər”. 

Sosioloq əlavə edib ki, ailə institutunun, kollektiv dəstəyin zəiflədiyi, dövlətin isə artan yaşlı əhaliyə baxmaq yükü qarşısında effektiv cavab verə bilmədiyi bir şəraitdə təəssüf ki, yaşlılar təcrid olunur:

“Bəs biz nə etməliyik? Beynəlxalq praktikada ilkin yanaşma budur ki populyasiyanın cavanlaşdırılması tədbirləri həyata keçirilsin. Məsələn, doğumu təşviq edən maliyyə stimulları təklif olunsun, uşaq baxımı imkanları artırılsın, gənc işçi qüvvəsinin ölkəyə axınını təmin etmək üçün miqrasiya siyasəti yumşaldılsın və s. Lakin bu tip tədbirlər, adətən, qısamüddətli həll ola bilirlər. Problemin kökündə ailə institutu, gələcəyə güvən və ümumiyyətlə, sosial strukturun dayanıqlılığı kimi məsələlər dayanır. Bu məsələlərə köklü bir konstruktiv yanaşma qoyulmadığı müddətcə, sadəcə uşaq saymaqla gələcək qurmaq mümkün olmayacaq. Sağlam artımı təşviq etmək üçün onu təmin edən etibarlı sistem, dayanıqlı və münbit ailələr və güvənə əsaslanan sosial mühit lazımdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top