Bu universitetlər birləşdirilsin — Sabiq deputatdan TƏKLİF

GÜNDƏM 23 may 2025, 17:27
“Ali məktəblərdə professor-müəllim heyətinin formalaşması, tələbələrin mütəxəssis kimi hazırlanması üçün ali məktəblərin potensialı nəzərdən keçirilməlidir. Daha çox ali məktəbin olması bizə elə bir pozitiv effekt verməyəcək”.

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda eyni ixtisas bir neçə ali məktəbdə var:

“Dünyada əhalinin 10 min nəfərinə düşən tələbələrin sayına görə statistika və tədqiqatlar mövcuddur. Azərbaycanda bu göstərici normaldır. Amma bu gün müəllim hazırlayan 2 ali məktəb var – BDU və ADPU. Azərbaycan Dillər Universiteti və Slavyan Universiteti də birləşsə, daha yaxşı olar. Çünki üst-üstə düşən ixtisaslar var. Bir zamanlar dəbdə olan ixtisasları yaratmağa başladılar, lakin ciddi mütəxəssis hazırlığı həyata keçirilmədi. 

Düşünürəm ki, ali məktəblərin sayı çoxdur. Söhbət burada mütəxəssis hazırlığından gedir. Bu, birbaşa da universitetlərin professor-müəllim heyətindən asılıdır. Professor-müəllim heyətində kəmiyyət və keyfiyyət baxımından ciddi problemlər var, dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığında öz sözünü deyə bilmirlər”.



Etibar Əliyev qeyd edib ki, özəl universitetlərdə təhsil gözləntiləri qarşılamır:

“Elə universitetlər var ki, müəllim heyəti yaxşıdır. Lakin paralel ixtisaslar var və bunun kadr hazırlığına müsbət bir təsiri yoxdur. Məsələnin kökündə o durur ki, bura özəl ali məktəblər də daxildir və onlar gözləntiləri qarşılaya bilmədilər. Bu ali məktəblər konkret şəxslərə bağlıdır, təhsil haqqı yüksəkdir, ən aşağı balı toplayanlar bura daxil olurlar və s. Yalnız öz qohumları idarəçilikdə təmsil olunurlar. Əgər özəl ali məktəblər ABŞ və Qərbdəki kimi dövlət universitetləri ilə rəqabətə girə bilsəydilər, bu universitetlərin mövcudluğu kifayət qədər kadr hazırlığına gətirib çıxarardı”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top