
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Nizami müəllim, Azərbaycan dili müasir çağırışlar, süni intellektin və digər kommunikasiya imkanlarının artdığı dövrdə özünü necə göstərir? Söz ehtiyatları indiki dövrdə nə dərəcədə effektiv formada tətbiq edilir?
- Azərbaycan dilində sözlərin sayı müxtəlif parametrlərlə ölçülür. Bu mənada əslində süni intellekt dilin bütün imkanlarına yiyələnmək deməkdir. Burada ilk növbədə ən böyük vəzifələrdən biri tərcümədir. Tərcümə dilin leksik, fraezoloji, üslubi imkanlarını oyadır. Dünyanın müxtəlif dillərində, xüsusi ilə də ingilis dilində mövcud olan bütün sözlərin, ifadələrin qarşılığı internet məkanına yerləşdirilməlidir ki, ingilis dilli mətn də normal şəkildə tərcümə olunsun. Ona görə də dillərin qarşılaşdırılması Azərbaycan dilində heç vaxt yadımıza düşməyən sözləri, ifadələri belə oyadır. Bu daha çox adi danışıqda, yazıda istifadə etmədiyimiz sözlərə aiddir. Dilimizdə xeyli sözlər var ki, ehtiyac olarsa, onlar istənilən vaxtı mətnə gətirilə bilər.
- Yəni, hələ də istifadə etmədiyimiz söz ehtiyatlarımız var deyirsiniz…
- Azərbaycan dilinin tərkibində heç də çox vaxt istifadə etmədiyimiz zəngin elmi, intellektual qat var. Bu bütün elmlərə aid olan sözlərdir ki, ancaq terminoloji lüğətlərə düşür. O da düşsə... Söhbət Azərbaycan dilinin terminoloji lüğətindən gedir. Məsələn, kənd təsərrüfatına, biologiyaya aid o qədər sözlərimiz var ki, o sözləri adi adamlar bilmir. Halbuki bu sözlərin böyük hissəsi xalq dilindən gəlib. Bunu ancaq o sahənin mütəxəssisləri bilir. Misal olaraq, biologiya elminin çoxlu sahələri üzrə mütəxəssislərin hər biri öz sahəsinin leksikonunu mənimsəyib. Bu cür hallar bütün elmlərə aiddir. Ona görə də bu sözlər daim sanki pərdə arxasında qalır.
- Söz ehtiyatları nə vaxt daha çox köməyimizə çatır?
- Dillər qarşılaşanda, buna ehtiyac olanda, o sözlər istər-istəməz ortaya çıxır. Azərbaycan dilində olan bütün sözlər ifadələr, eyni sözün müxtəlif mənaları, yəni, omonimlik və.s hesablansa, yarım milyona qədər söz var. Dilimizdə işlənən bütün sözlərin lüğətini hazırlasaq, bunun say həcmi yarım milyondan çox olacaq. Onun da 120-130 minə qədərini bir insan özündə güc tapsa, bir lüğətdə ümumiləşdirə bilər. Yəni, az-çox peşəkar insan kitablardan mətbuatdan, istifadə edib, Azərbaycan dilinin mükəmməl orfoqrafiya lüğətini yaratmaq istəsə, həmin sözlərdən istifadə edə biləcək.
- İndiki halda lüğətlərdə niyə az sözdən istifadə olunur?
- Ona görə ki, hər lüğətin öz funksiyası var. Üzərində ən çox işlədiyimiz və sözlərin sayını qəbul etdiyimiz, mülahizə yürütdüyümüz "Orfoqrafiya lüğəti" mövcuddur. Amma "Orfoqrafiya lüğəti"nin tərtibində çox ciddi problemlər var. Çünki "Orfoqrafiya lüğəti"ni tərtib edənlər prinsip etibarı ilə söz anlayışını dəqiqləşdirmirlər. Amma son vaxtlar Afaq Məsudun təşəbbüsü ilə ləğv edilmiş Tərcümə Mərkəzinin hazırladığı "Orfoqrafiya lüğəti" üzərində ciddi elmi tədqiqat aparılmışdı. Məhz bu lüğətdən aydın oldu ki, Azərbaycanda "Orfoqrafiya lüğəti"nə düşməli olan sözlərin sayı 80 minə qədərdir. Bu qədər sözün yazılışını bir azərbaycanlı bilirsə, o sözlərdən törəyən yarım milyondan artıq sözün də yazılışını biləcək.
- Yəni dilimizin lüğət tərkibində “söz azdır” arqumenti çox zəifdir deyirsiniz...
- "Azərbaycan dilinin lüğət tərkibində sözlərin sayı azdır" və yaxud "biz bu sözləri bilmirik" kimi düşüncələrlə məsələyə yanaşmaq düzgün deyil. Lüğət tərkibinin hər bir insanın təsəvvüründə, təxəyyülündə, istifadəsində, ünsiyyətində vəziyyəti fərqlidir. Ümumiyyətlə dilin potensialında vəziyyəti tamam başqadır. Bu dünyanın inkişaf etmiş bütün dillərində belədir. İngilis, fransız, alman dilində də bu tendensiya mövcuddur.
- Türk dilləri içərisində ən çox lüğət tərkibi tədqiq olunan dil hansıdır?
- Bu Türkiyə türkcəsidir. Onlarda da sözlərin sayı təxminən bizdəki qədərdir. Yəni, onlarda da sözləri topladıqda yarım milyonu keçir.
- Ən çox söz ehtiyatına malik dil hansıdır?
- İngilis dilində sözlərin sayı daha çoxdur. Bunun da səbəbləri var. Çünki ingilis dilinin məşhur lüğətlərində, ingilis dilli mətbuatda gedən bir ərəb, türk, fars sözünə rast gəlirlərsə və hələ də populyar deyilsə, onu da lüğətə daxil edirlər. Bir dəfə işlənən sözü belə lüğətə salırlar. Onun ingilis dilində ekzotikası, koloriti varsa, dərhal lüğətə daxil edilir.
- Azərbaycan dilində söz yaratmaq potensialı nə qədər böyükdür?
- Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini də məsələn “vopşe”, “tak çto”, “znaçit” kimi sözləri də dilimizin lüğətinə daxil edək. Çünki bu sözlər artıq bizim leksikonumuzda var. Eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayqın olmayan bir ingilis, fransız, ərəb, indoneziya, hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olur. Bir var əsas lüğət fondu, dilin lüğət tərkibi, bir də var ki, dilin lüğət tərkibində ehtimal olunan biləcək söz yaradıcılığı prosesləri. Çünki biz hər gün söz yarada bilirik. Dəmirçi sözü varsa, sabah, taxtaçı sözü də ola bilər. Yəni, bu potensialı da nəzərə almaq lazımdır.