İllərdir davam edən qanlı savaş qardaş ölkədə sonlanacaq? — ŞƏRH

DÜNYA 16 may 2025, 18:04
“Ankaranın diplomatik təşəbbüsləri beynəlxalq aləmdə neytral vasitəçilik nümunəsi kimi qəbul edilsə də, danışıqların konkret nəticə ilə yekunlaşması hələlik real görünmür. Bunun əsas səbəbi tərəflərin strateji mövqelərində ciddi fikir ayrılıqları və qarşılıqlı etimad çatışmazlığıdır. Rusiya öz təhlükəsizlik maraqları prizmasından Ukraynanın NATO-ya inteqrasiyasını bloklamağa çalışır və Krım da daxil olmaqla bəzi əraziləri faktiki olaraq özünə aid hesab edir. Ukrayna isə 2014-cü ildən bəri suverenliyinə edilən təcavüzü qəbul etmir və ərazi bütövlüyündən geri çəkilmək niyyətində deyil”.

Bunu Demokrat.az-a açıqlamasında Türkiyədə baş tutan Ukrayna-Rusiya danışıqlarını şərh edərkən politoloq, deputat Elçin Mirzəbəyli deyib. 

Deputatın sözlərinə görə, bu ziddiyyətlər danışıqların yalnız məhdud humanitar nəticələr verməsinə şərait yaradır, bu sıraya əsirlərin mübadiləsi, humanitar dəhlizlərin açılması və mülki əhalinin təxliyyəsi kimi məsələləri aid etmək olar:

“Münaqişənin hərbi fazası bir sıra diplomatik imkanları zəiflədir. Aşağıdakı faktorlar atəşkəs sazişinin imzalanmasını çətinləşdirir:



Krımın statusu və Donbasdakı qondarma “respublikaların” tanınması məsələsi danışıqlarda açıq qarşıdurma nöqtəsidir. Rusiya bu əraziləri faktiki olaraq ilhaq edib, Ukrayna isə bu nəticəni qeyri-legitim sayır.

Ukrayna, xüsusilə Qərb ölkələrinin iştirakı ilə beynəlxalq hüquqi zəmanətlər istəyir. Rusiya isə bunu öz sərhədlərinə təhdid kimi qiymətləndirir. 2014-cü ildən bəri imzalanmış razılaşmaların pozulması tərəflər arasında etibarlı həll mexanizmlərinin qurulmasına mane olur.

Hazırda Rusiya Donbas və Zaporojye istiqamətlərində müəyyən taktiki üstünlüyə malikdir. Lakin bu üstünlük strateji dönüş nöqtəsi hesab edilmir. Ukrayna isə hərbi texnologiyaların modernləşdirilməsi və Qərbdən dəstəyin davam etməsi hesabına döyüş meydanında müqavimətini qoruyur”.

Elçin Mirzəbəyli qeyd edib ki, bu dinamika, uzunmüddətli müharibənin Ukrayna üçün əhalinin tükənməsi, iqtisadi zəifləmənin kritik həddə çatması və beynəlxalq diqqətin azalması kimi faktorlarla müşayiət olunması halında, Kiyev tərəfini müəyyən taktiki kompromislərə açıq edə bilər:

“Bununla belə, ictimai rəy və daxili siyasi sabitlik Zelenski hökumətinin ərazi məsələlərində güzəştə getməsini hazırda istisna edir. Tərəflərin "qırmızı xətlərini" keçmədən müəyyən sahələr üzrə qarşılıqlı güzəşt imkanları nəzəri baxımdan mümkündür. Bu güzəştlər ilk növbədə siyasi və diplomatik manevr imkanlarına, həmçinin beynəlxalq zəmanətlərə əsaslana bilər.

NATO məsələsində müəyyən yaxınlaşma ehtimalı var. Ukraynanın bloklara qoşulmamaq statusu qarşılığında beynəlxalq təhlükəsizlik zəmanətləri alması kompromis variant kimi dəyərləndirilə bilər. Bu model həm Ukraynanın təhlükəsizliyini təmin etmək, həm də Rusiyanın geosiyasi narahatlıqlarını azaltmaq məqsədi daşıyır.

Krım məsələsi isə ən çətin və həssas mövzulardan biri olaraq qalır. Tərəflərin hazırkı mövqeləri kəskin fərqli olsa da, bu problemin həllinin gələcəkdə diplomatik yollarla və ya beynəlxalq hüquq çərçivəsində təxirə salınması, müvəqqəti olaraq gündəmdən çıxarılması bir növ “nisbi razılaşma” formulu kimi irəli sürülə bilər. Donbas bölgəsində isə geniş muxtariyyətin verilməsi və bu ərazilərin Ukraynanın suverenliyi çərçivəsində xüsusi statusa malik olması qarşılıqlı razılaşma üçün əsas baza rolunu oynaya bilər. Belə bir model əvvəlki Minsk razılaşmalarına əsaslansa da, daha güclü beynəlxalq nəzarət mexanizmləri ilə müşayiət olunmalıdır”.

Deputat Ukrayna və Rusiya liderlərinin birbaşa görüş ehtimalı barədə danışarkən bunları qeyd edib:

“Bu günə qədər Rusiya və Ukrayna liderləri arasında birbaşa görüş baş tutmayıb. Lakin 2025-ci il ərzində bu ehtimalı tamamilə istisna etmək olmaz. Belə bir görüşün baş tutması üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

-Danışıqlar masasında ilkin razılaşdırılmış sənəd layihəsi formalaşmalıdır.

-Görüş texniki deyil, siyasi qərarların qəbul ediləcəyi platforma olmalıdır.

Əgər belə bir görüş baş tutarsa, ilkin mərhələdə humanitar atəşkəsin razılaşdırılması, əsirlərin tam mübadiləsi və mülki infrastrukturun bərpası üzrə qarşılıqlı öhdəliklər kimi məsələlər gündəmə gələ bilər. Lakin bu görüşün tammiqyaslı barışıq müqaviləsi ilə nəticələnəcəyi ehtimalı hazırkı şərtlər daxilində inandırıcı görünmür.

Unutmaq lazım deyil ki, Rusiya–Ukrayna müharibəsi təkcə iki ölkə arasındakı qarşıdurma deyil, həm də beynəlxalq nizamın yeni mərhələyə keçidinin təzahürüdür. Danışıqların nəticə verməsi üçün hərbi, siyasi və diplomatik balansın dəyişməsi əsas şərtdir. Hazırda bu balans sabit deyil və qarşıdakı aylarda həm döyüş meydanında, həm də qlobal diplomatik sahədə baş verəcək proseslər münaqişənin istiqamətini müəyyən edə bilər. Putin–Zelenski görüşü isə yalnız bir halda — bu balans dəyişəcəyi təqdirdə mümkün ola bilər. Lakin hələlik bu, daha çox diplomatik ehtimaldır, siyasi reallıq deyil”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top