"Sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələlərdən biri atəşkəsin tez-tez pozulmasıdır" — Arzu Nağıyev

GÜNDƏM 15 may 2025, 13:07
“Sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələlərdən biri atəşkəsin tez-tez pozulmasıdır. Bu pozuntular məqsədyönlü şəkildə həyata keçirilir. Hər dəfə atəşkəs pozulduqda, Ermənistan tərəfi Azərbaycanın cavab atəşi açmasını gözləyir və bu cavab atəşini dünya ictimaiyyətinə "Azərbaycan atəşkəsi pozur" kimi təqdim etmək niyyətindədir. Bu, insan haqları və sərhəd bölgələrində yaşayanlara qarşı münasibətlər kimi məsələləri gündəmə gətirmək məqsədi daşıyır”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, Avropa İttifaqının həmin ərazilərdə yerləşdirdiyi vizual müşahidəçilər isə bu pozuntulara reaksiya vermirlər:

“Əgər onlar bu hadisələrə reaksiya versəydilər, bu qədər atəşkəs pozuntusu olmazdı. Sülh müqaviləsinin imzalanmasına mane olan digər əsas amil isə Avropa tərəfindən sərhəddə yerləşdirilən vizual müşahidəçilərdir. Bu müşahidəçilərin məqsədi sülhün bərqərar olması deyil, müəyyən dairələrə və öz dövlətlərinə Azərbaycan haqqında kəşfiyyat məlumatları ötürməkdir. Azərbaycanın konkret tələbi sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Heç bir dövlətin ərazi bütövlüyünə iddia irəli sürməmək prinsipi qəbul edilməlidir. Bu müddəa imzalansa belə, Ermənistan parlamenti tərəfindən ratifikasiya olunmayacaq. Çünki bu, Paşinyanın impiçment məsələsini gündəmə gətirəcək və keçmiş Qarabağ klanının yenidən gündəmə gəlməsi böyük problem yaradacaq”.

Deputat əlavə edib ki,  sülh müqaviləsinin imzalanması üçün Ermənistan ya referendum yolu ilə, ya da digər yollarla Konstitusiyasını dəyişdirməlidir:

“Zəngəzur dəhlizi ilə bağlı və komissiyaların delimitasiya və demarkasiya istiqamətində apardığı işlər davam etdirilməlidir. Hazırda Ermənistan və Azərbaycan arasında təxminən 1700 kilometr uzunluğunda sərhəd mövcuddur. Bu sərhədin delimitasiyası və demarkasiyası uzun çəkən bir proses ola bilər. Bu səbəbdən, atəşkəsin kiçik detallarla pozulması sülhün bərqərar olmasını istəməyənlər tərəfindən törədilir. Bunun qarşısı alınmalı və beynəlxalq təşkilatlar buna ciddi reaksiya verməlidirlər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top