“Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul etdi”

DAXİLİ SİYASƏT 08 may 2025, 13:55
“Sovet imperiyasından xaos diktaturasına qədəm qoyan məmləkəti xilas edən Heydər Əliyevin “dəmir əli” uzun illər sonra Vətən müharibəsində dəmir iradəyə çevrildi”.

Demokrat.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasda bildirib.

“Torpaqlarını və sərvətlərini itirən millətimiz dərk etdi ki, keçici qırmızı bayraqları qazananda da, ucqar Naxçıvanı lampa işığında qoruyanda da, 2-ci dəfə hakimiyyət olimpinə qayıdanda da onun tək bir dövlət kitabı olub - Heydər Əliyev Konstitusiyası! Bəli, millətə xidmət heç bir ideoloji-siyasi formasiyadan asılı olmayanda qalib kimi qanunu sən yazırsan!

Ulu Öndərin yeni Azərbaycanı nə din dövləti İranın, nə imperiya varisi Rusiyanın, nə də tez-tez çevrilişlərə səhnə olan Türkiyənin idarəçilik sisteminin yüzdə-yüz təkrarı deyildi. Əksinə, böyük Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək seçən Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul etdi.

Ulu Öndər başqa dövlətlərin quruluşunu mexaniki olaraq ölkəmizə köçürmədi. Nə mühafizəkar Şərq arxaizmi, nə də tez-tez böhranlara yol açan Qərb sistemi, müstəqil iradəyə malik olmayan və Brüsseldən, Strasburqdan idarə olunan dövlətlərlə eyni olmadıq. Biz sülh içində siyasi gələcəyini müəyyən edən İsveç, Norveçdən fərqli olaraq, ali qanunumuzu sütunlu salonlarda monteskyoların, cefersonların tablosu qarşısında deyil, döyüş meydanlarında qurbanlar verərək qəbul edirdik.

Konstitusiyamız bütün xalqı birləşdirdi. Lakin 2023-cü ilədək ölkəmizdə iki bayraq, iki gerb və iki himn vardı. Ali qanunumuzda yazırdıq: “Respublikamız, torpağımız və xalqımız bölünməzdir”, lakin gerçəkdə separatizmin və işğalın simvolu olan qanunsuzluq hökm sürürdü. Xankəndi zəfəri konstitusiyamızı da xilas etdi, onu vahidləşdirdi, bütövləşdirdi.

Yeni konstitusiya iki dövlət çevrilişi cəhdindən, çoxlu sui-qəsdlərdən, yüz minlərlə insanın çadır şəhərciklərindəki ağrılarından keçərək ümumxalq sərvətinə çevrildi”, - deyə deputat əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 17:11
Top