
Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib.
Tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
Bununla bağlı Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı bu gün dünyanın bir çox vacib dəyərlərini özündə birləşdirən beynəlxalq platformaya çevrilib:
“Bakı qlobal miqyasda tanınmış təşkilatların, beynəlxalq informasiya mərkəzlərinin və nüfuzlu institutların mühüm tədbirlərinə ev sahibliyi edir. Burada keçirilən beynəlxalq konfranslar, forumlar və görüşlər Azərbaycanın artan beynəlxalq nüfuzunu və diplomatik fəallığını nümayiş etdirir. Dünyanın ən nüfuzlu liderlərinin ölkəmizə səfərləri, Azərbaycanın artan beynəlxalq diqqət mərkəzinə çevrilməsi, ölkəmizin davamlı inkişafı, sabit və demokratik bir dövlət və cəmiyyət modeli formalaşdırması, illər keçdikcə Azərbaycanın və xüsusilə Bakının qlobal cazibədarlığını artırmaqdadır. Bu prosesin ən bariz nümunələrindən Qlobal Cənub QHT Platformasının təsis konfransıdır. Tədbirdə Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarından olan ölkələrin ümumilikdə dünyanın üçdə ikisinə yaxın hissəsini təmsil edən dövlətlərin vətəndaş cəmiyyətləri iştirak edib. Bu, həm tədbirin qlobal əhəmiyyətini, həm də Azərbaycanın belə bir təşəbbüsə ev sahibliyi etməklə beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut edir. Konfransda 700-dən çox iştirakçının olması, vətəndaş cəmiyyəti nümayəndələrinin, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların təmsilçilərinin burada yer alması bir daha tədbirdə müzakirə olunan məsələlərin aktuallığını və əhəmiyyətini ortaya qoyur”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan vətəndaş cəmiyyətinin inkişaf modeli və təcrübəsi bir çox ölkələr üçün nümunə ola bilər:
“Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aydın Əliyev, Milli Məclisin nümayəndələri və digər rəsmi şəxslər ölkəmizin bu sahədəki strategiyasını və qlobal əməkdaşlığa açıq mövqeyini vurğulayıblar. Eyni zamanda, dünyanın müxtəlif qitələrindən gəlmiş qonaqlar, vətəndaş cəmiyyəti liderləri və siyasi simalar çıxışlarında bir daha vətəndaş cəmiyyətinin dövlətlərin inkişafında nə qədər vacib rol oynadığını qeyd ediblər. Hazırda dünyada müşahidə olunan iqlim dəyişiklikləri fonunda, bir çox regionlarda yoxsulluq, iqtisadi və siyasi qeyri-sabitlik davam etməkdədir. Belə şəraitdə, müxtəlif ölkələrin nümayəndələrinin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və ortaq həll yolları axtarması mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də, bəzi ölkələrin hələ də müstəmləkəçiliyin təsirindən qurtulmaması, insan hüquqlarının sistematik şəkildə pozulması adi hal alıb. Bu problemlərin həlli yalnız dövlətlərin və siyasətçilərin deyil, həm də QHT-lərin, vətəndaş cəmiyyətlərinin və ictimai qurumların fəal iştirakı vacibdir. Tədbir zamanı fərqli qitələrdən olan nümayəndələrin ortaq mövqedə birləşməsi göstərir ki, bəşəriyyət qarşısında yeni çağırışlar dayanır. Hər hansı bir ölkədə baş verən problem qısa zaman ərzində digər ölkələri də təsirləndirə bilir. Bu şəraitdə, yalnız hökumətlər deyil, vətəndaş cəmiyyətləri də problemlərin müzakirəsi, həlli yollarının müəyyən olunması və ortaq nəticələrin əldə olunmasında mühüm aktora çevrilməlidir. Xüsusilə də, Bakıda keçirilən COP29 tədbiri fonunda belə konfransların təşkili, orada əldə edilən təcrübələrin digər ölkələrlə bölüşülməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Son illərdə Azərbaycan vətəndaş cəmiyyəti təkcə milli məsələlərlə deyil, həm də qlobal hadisələrə reaksiya verən, beynəlxalq platformalarda aktiv iştirak edən bir struktur halına gəlib. Bu təşkilatlar, qlobal proseslərə təsir edən, insan hüquqları və ictimai problemlər mövzusunda çıxış edən və nüfuz qazanan qurumlara çevrilmişdir. Bu təcrübənin digər ölkələrlə bölüşülməsi, xüsusilə də inkişafdan geri qalan dövlətlər üçün faydalı ola bilər. Bu baxımdan, qlobal əhəmiyyət kəsb edən Qlobal Cənub QHT Platformasının təsis konfransı, gələcəkdə davamlı inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində mühüm töhfələr verəcəkdir. Əminik ki, bu platforma dünyanın müxtəlif ölkələri üçün yeni imkanlar yaradacaq, vətəndaş cəmiyyətlərinin mövqeyini gücləndirəcək və qlobal problemlərə daha səmərəli həll yolları təklif edəcək”.
Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli qeyd edib ki, 28-29 aprel tarixlərində Azərbaycan vətəndaş cəmiyyətinin həyatında, eləcə də Qlobal Cənub ölkələrinin QHT-nin fəaliyyətində əlamətdar hadisə baş verib:
“Belə ki, Bakıda “Yeni Dünya Ədaləti” mövzusunda iki günlük beynəlxalq konfrans keçirildi. Bu tədbirdə Qlobal Cənub ölkələrindən, ümumilikdə 116 ölkədən təxminən 200-ə yaxın qeyri-hökumət təşkilatı iştirak etdi. Konfransın əsas məqsədi yeni dünya düzənində həmrəyliyin nümayiş etdirilməsi və Qlobal Cənub QHT Platformasının təsis konfransının keçirilməsi idi. Bu məqsədə də uğurla nail olundu. Beləliklə, qərargahı Bakı şəhərində yerləşəcək və bir il ərzində Azərbaycana sədrlik hüququ veriləcək Qlobal Cənub QHT Platforması yaradıldı”.
Sədr əlavə edib ki, bu platforma Azərbaycan Respublikasının Qlobal Cənub ölkələrinin dəstəklənməsi üzrə həyata keçirdiyi strateji xəttə tam uyğundur:
“Məqsəd, həmin ölkələrin beynəlxalq məkanda səslərinin eşidilməsi, qərar qəbul etmə prosesində iştiraklarının təmin olunması və qlobal ədalətin bərqərar olunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədalət prinsipləri bu platformanın təməlini təşkil edir. Konfrans eyni zamanda göstərdi ki, artıq vətəndaş cəmiyyəti səviyyəsində də Azərbaycan bu təşəbbüslərlə beynəlxalq dəstək qazanır. Dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın QHT Azərbaycanın bu təşəbbüsünə həmrəylik nümayiş etdirdi və dəstəklədiklərini bildirdilər. Bu həm də Azərbaycanın təşəbbüskarlığının və təəssübkeşliyinin bir göstəricisi idi. Bu platformanın yaradılması Azərbaycan həqiqətlərinin çatdırılması, ölkəmizə qarşı yönəlmiş dezinformasiyanın qarşısının alınması və Qlobal Cənub ölkələrinin problemlərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin, qərar qəbul etmə prosesində kiçik və inkişaf etməkdə olan ölkələrin səsinin eşidilməsi, bərabərlik, ədalət və inklüzivlik prinsiplərinə əsaslanan bir yanaşmanın təşviqi məqsədi daşıyır”.
R.İskəndərlinin sözlərinə görə, Azərbaycan artıq Qlobal Şimal və Qlobal Cənub arasında bir körpü rolunu oynayır:
“Bu mövqe pandemiya dövründə, xüsusilə COVID-19 və COP29 çərçivəsində də aydın şəkildə özünü göstərdi. COP29 konfransında iqlim ədalətinin təbliği, iqlim dəyişikliklərindən ən çox zərər görən ölkələrin müdafiəsi, Azərbaycanın bu məsələlərdə aktiv rolu bir daha sübut olundu. Bu tədbir Azərbaycanın sadəcə beynəlxalq proseslərin iştirakçısı deyil, həm də qərar qəbul edən bir ölkə statusunu möhkəmləndirdi. Azərbaycan QHT sektoru da ilk dəfə bu miqyasda beynəlxalq tədbirə ev sahibliyi edərək, öz fəaliyyət sahəsində Qlobal Cənubun səslərinin eşidilməsində, inklüziv yanaşmanın təmin olunmasında mühüm rol oynadı”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqamətində hazırlanıb.