
Ağcabədi rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 fevral 2024-cü ildə Ağcabədi rayonunun Avşar kəndi ərazisində baş verib. 1981-ci il təvəllüdlü Qoşqar həmin gün saat 11 radələrində ictimai yer hesab edilən Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən “avtoyuma” məntəqəsinin yanında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib.
Qoşqar avtoyuma mənqətəsinə gəlmiş şəxslərin oturub stolüstü oyunlar oynaması üçün qoyulmuş masada əyləşən həmkəndlisi Eldarı üzərində gəzdirdiyi bıçaqla iki dəfə zərbə vurub.
Hadisəni törədən Qoşqarın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə təmin edilən Qoşqar anlaqsız vəziyyətdə olduğu, həmçinin nitqində ciddi qüsurlar olması səbəbindən ifadə vermək iqtidarında olmadığı üçün dindirilməsi mümkün olmayıb.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Eldarın sözlərinə görə, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır:
“Təqsirləndirilən Qoşqar mənim həmkəndlimdir. 1 fevral 2024-cü ildə, saat 11 radələrində Ağcabədi rayon Avşar kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinə özümə məxsus avtomobili yuduzdurmaq üçün verdim. Özüm də həmin avtoyuma məntəqəsinin yaxınlığında qoyulmuş stolun ətrafında oturdum. Həmin vaxt Qoşqar yanımıza gələrək arxadan mənə yaxınlaşdı, boyun nahiyyəmdən tutdu və üzərində gətirdiyi bıçağı sinə nahiyyəmə vurdu. Qoşqarın arxasınca ilə gələn Nəsibov əlindən bıçağı almaq istəyən zaman Qoşqar yenə də məni vurmaq istədi. Əllərimi qabağa verdim və bıçaq barmaqlarımı kəsdi. Daha sonra Qoşqar yenə də məni vurmaq istəyərkən hadisə yerindən uzaqlaşaraq özümə məxsus avtomobilə əyləşdim, Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət etdim. Xəstəxanada mənə ilkin tibbi yardım göstərildikdən sonra sinə nahiyyəmin üzərində olan kəsilmiş kəsiyə tikiş atıldı”.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb.
Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Qərarın icrası Ağcabədi Rayon Polis Şöbəsinə və Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
Fariz Məlikli
Demokrat.az