
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian sabah rəsmi səfərlə Azərbaycana gəlir. Bu səfər təkcə iki qonşu ölkənin paytaxtlarında deyil, həm də regionda və dünyanın bir sıra güc mərkəzlərində böyük maraqla izlənilir. Səfərin əhəmiyyəti, verilən mesajlar və gözlənilən nəticələr İran-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Pezeşkianın səfəri ərəfəsində İranda hökumət iclası keçirilib. İSNA agentliyinin yaydığı məlumata görə, Prezident çıxışında İran və Azərbaycan xalqları arasındakı dərin tarixi, mədəni və emosional bağlardan söz açıb. O bildirib ki, Azərbaycan və İran bir bədənin ayrılmaz hissələridir və bu xalqlar minilliklər boyunca qarşılıqlı dostluq və qardaşlıq münasibətləri qurublar.
Prezident Pezeşkian vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün mövcud olan böyük potensial bu gün daha da aktuallaşıb:
“Sərhədin hər iki tərəfində yaşayan xalqların geniş ortaq maraqları var. Biz qarşılıqlı anlaşma və hörmət əsasında münasibətlərimizi sürətlə inkişaf etdirəcəyik. Hazırda bərpa olunan dialoq və əməkdaşlıq prosesi nəticəsində yaxın zamanda Azərbaycan və İran arasında çoxşaxəli əlaqələrin əhəmiyyətli dərəcədə gücləndiyini görəcəyik”.
Məsud Pezeşkian səfərinin məqsədlərinə də toxunaraq, bu rəsmi ziyarətin yeni imkanlar yaradacağına ümid etdiyini dilə gətirib:
"Səfər çərçivəsində aparılacaq məsləhətləşmələr və imzalanacaq sənədlər hökumət, özəl və dövlət sektorları arasında iqtisadi, ticarət, mədəniyyət, turizm və siyasi sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün möhkəm zəmin yaradacaq. Bu əməkdaşlıq prosesi həm iki ölkənin, həm də bütövlükdə regionun sabitliyinə və rifahına mühüm töhfə verəcək”.
İclasda iştirak edən digər nazirlər də Azərbaycanla son zamanlar aparılan danışıqlar barədə məlumat veriblər. Onlar müxtəlif sahələrdə - nəqliyyat, energetika, sərhəd ticarəti, səhiyyə və turizm istiqamətlərində konkret layihələr üzərində işlənildiyini bildiriblər.
Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu da qeyd edib ki, İran prezidentinin səfərinə böyük diqqət var:
"Böyük heyətlə gəlir. Soydaşımızdır, əlbəttə, böyük gözləntilər var, çünki İranda da nələrin isə dəyişməsini, islahatları genişləndirmək istəyir. Üstəlik, indi Amerika ilə danışıqlar gedir, nüvə anlaşması olmalıdır. Yəni Pezeşkianın iradəsindən asılı olsa, Amerika ilə anlaşma imzalayar, həmçinin proxsi qüvvələrə dəstəkdən imtina edər. Amma səlahiyyətləri o qədər yüksək deyil, konstitusiya da ona mane olur. Əsas söz sahibi isə bildiyimiz kimi, ali dini rəhbərin ətrafıdır. Onlar Pezeşkiana mane olurlar.
İndi Azərbaycana gələcək, böyük layihələr və ortaq məsələlər müzakirə olunacaq. Bu, çox yaxşıdır. Amma geri qayıtdıqdan sonra mühafizəkar qüvvələrin və yaxud SEPAH-ın Azərbaycan əleyhinə hansısa addım atıb-atmayacağını bilmirik. Həmçinin onların saytlarında Azərbaycan əleyhinə açıqlamalar yayımlanacaqmı, ya da hansısa molla Pezeşkianın səfərinə zərər vurmaq üçün Azərbaycan əleyhinə çıxış edəcəkmi, bunu da bilmirik. Amma bütün hallarda biz İranla münasibətlərin normallaşmasını istəyirik.
Digər bir məqam: Pezeşkian böyük ehtimalla Bakıdakı görüşlərdə həmkarı İlham Əliyevlə Azərbaycan dilində danışacaq. Bu da böyük simpatiya doğurar. Yox əgər fars dilində danışsa, Arazın bu tayında da, o tayında da bu, müsbət qarşılanmayacaq. Məncə, Məsud Pezeşkian bu amili də Bakıda nəzərə alacaq".
Qeyd edək ki, İran prezidentinin Azərbaycana sonuncu rəsmi səfəri 2018-ci ildə baş tutmuşdu. Həmin vaxt İranın prezidenti Həsən Ruhani idi. Bu dəfəki səfər isə Pezeşkianın prezidentliyinin ilk xarici səfərlərindən biri kimi ayrıca bir simvolik məna daşıyır. Müşahidəçilərə görə, bu ziyarət, İranın yeni rəhbərliyinin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini bir daha nümayiş etdirir.
Hazırkı şəraitdə Pezeşkianın səfəri iki ölkə arasında son illərdə yaşanan gərginlikləri tamamilə aradan qaldırmaq və yeni bir dövrü başlatmaq üçün əhəmiyyətli bir fürsət hesab edilir. Gözlər sabah Bakıdakı görüşlərdə olacaq.