Elçin Şıxlı: "Velosiped zolaqları Bakı üçün lazımsızdır"

GÜNDƏM 22 aprel 2025, 13:32
"Artıq Bakıda yaşamaq problemi əmələ gəlib. Əhalinin, maşınların çoxluğunda əlavə əsas problem maşınların parklanma məsələsidir. Lap əvvəllər 1 ailə 1 nəfərin maşını var idisə, indi 2-3 maşın var. Bakının köhnə mərkəzi küçələri indiki nəqliyyat axını üçün nəzərdə tutulmadığına görə ensizdir. Bunlar təbii haldır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib:

Elçin Şıxlı bildirib ki, son zamanlar yaradılan avtobus zolaqları da müsbət haldır, ancaq velosiped zolaqları Bakı üçün lazımsızdır:

"Yeni tikili binalara külli miqdarda pul verib mənzil alırlar, ancaq MTK-lar sakinlərə maşın saxlamaq üçün yer vermirlər. Binanın həyətində qarajlar satılır, onların da qiyməti məlumdur. Bu problem hamısı üst-üstə gəlib, böyük problemlər yaradır. Əhalinin bir çoxunun sistemlərdən xəbərsiz olması da problemi çətinləşdirir.

İşi olan, olmayan hər kəs maşınla gəzir. İş çıxışı saatlarında tıxacın olması bütün ölkələr üçün keçərlidir. Bakıda isə günün istənilən saatında tıxac var. 10 milyonluq əhalinin 55-60 faizi Bakıdadır. Bu məsələni həll etmək lazımdır. Şəhəri yüngülləşdirmək, dəmiryolu, elektrik qatarı infrastrukturunu yeniləmək lazımdır. Alternativ yerüstü nəqliyyatı da küçələrdə yer tutacaq. Xəzər dənizi isə ilin böyük hissəsi küləkli olduğu üçün su nəqliyyatı da mümkün deyil".

Onun sözlərinə görə, regionlarda iş yerləri və yaşam şəraiti yaxşılaşdırılmalıdır:

"İnsanlar elə düşünür ki, Bakı möhtəşəmdir. Rayonlarda 8 otaqlı evlərini atıb, gəlib paytaxtda çox pis vəziyyətdə yaşayırlar. Problem olduqca mürəkkəbdir. Problemi təkcə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həll edə bilməz. Məsələ kompleks şəkildə həllini tapmalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 14:40
Top