Lerikdə 27 yaşlı oğlan çay evində dava saldı, ev dustağı edildi

HADİSƏ 22 aprel 2025, 12:22
Lerik rayonunda çay evində spirtli içki içən tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Lerik şəhəri, Nizami küçəsində yerləşən “Buta” çay evində baş verib. 
Lerik rayon sakini, 1998-ci il təvəllüdlü Afiq tanışı Ağacanla birlikdə 21 noyabr 2024-cü ildə, saat 20:20-də “Buta” çay evinə gəliblər. Onlar spirtli içki qəbul etdikdən sonra sərxoş halda heç bir əsaslı səbəb olmadan mübahisə ediblər. 

Bu zaman Afiq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib və qəsdən çay evinin masasına təpik vurub. 

Nəticədə masanın üzərində olan bir ədəd örtük şüşəni, bir ədəd pivə bakalını, həmçinin digər masanın bir ədəd stulunu da təpiklə vuraraq sındırması nəticəsində çay evinin icarədarına 120 manat maddi ziyan vurub. 

Hadisəni törədən Afiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Afiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, tanışı Ağacanla birlikdə Lerik şəhərində yerləşən “Buta” adlı çay evinə gəliblər: 

“Çay evinə qədər artıq başqa bir yerdə spirtli içki qəbul etmişdik. Çay evində də Ağacanla çox az miqdarda yenidən spirtli içki qəbul etdik. Çay evinə olarkən Ağacanla aramızda sözlü mübahisə baş verdi. Spirtli içkinin təsirində olduğum üçün Ağacanın hərəkətləri xoşuma gəlmədi. 

Əsəbiləşərək masaya təpik zərbəsi vurdum. Masanın üzərində olan şüşə örtük və 1 ədəd pivə bakalı yerə düşərək sındı. 

Daha sonra digər masanın stuluna da təpik zərbəsi vurub onu da sındırdım. Bundan sonra çay evini tərk etdim. Hadisə vaxtı Ağacana heç bir xəsarət yetirməmişəm. Hazırda əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində tanınan Xaliqin sözlərinə görə, Lerik şəhərində yerləşən “Buta” çay evində çayçı işlədir: 

“Hadisə günü saat 20:20-da Lerik şəhər sakinləri Afiq və Ağacan müştəri qismində çay evinə daxil olaraq spirtli içki qəbul etdilər. Bir neçə dəqiqədən sonra spirtli içkinin təsiri altında olan Afiqlə Ağacan arasında sözlü mübahisə baş verdi və Afiq əsəbiləşərək təpiklə masaya zərbə vurdu. Masanın üzərində olan şüşə örtük üzərində olan pivə bakalı ilə birlikdə yerə düşdü və sındı. 

Daha sonra Afiq çay evində olan digər masanın stulunu da təpiklə vuraraq sındırdı. Afiq ümumilikdə çay evinə 120 manat məbləğində maddi ziyan vurdu. Hadisədən sonra Bakı şəhərində yaşayan çay evinin sahibi Cavidə zəng edərək bu barədə məlumat verdim. Daha sonra Cavidin əmisi oğlu hadisə yerinə gəldi. Hadisə təxminən 15 dəqiqə davam etdi və orada Lerik şəhər sakinləri Altay, Fizuli və tanımadığım digər 2 şəxs də olub. Hazırda mənə dəymiş ziyan Afiq tərəfindən tam olaraq ödənilib. Ondan şikayətim və tələbim  yoxdur”. 

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Afiq 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lerik şəhərində yerləşdiyi evi gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq  vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
22 aprel 2025, 14:40
Top