
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıda olarkən Qarabağın Azərbaycan ərazisi olduğunu bildiyini və tanıdığını açıq şəkildə bildirsə də, aprelin 13-də ölkənin Birinci Dövlət Telekanalında “Weltspiegel” televiziya proqramının bir hissəsi olaraq “Armenien: Ringen um Identitat und Hoffen auf Frieden” (“Ermənistan: İdentifikasiya uğrunda mübarizə və sülh ümidi”) başlıqlı reportajın yayımlanması suallar doğurub.
Materialda qeyd olunur ki, “Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkib hissəsidir, lakin ermənilər burada uzun müddət yaşayıb və illərdir müstəqillik uğrunda mübarizə aparıblar”.
Daha sonra qeyd edilir ki, “iki il əvvəl Azərbaycan Qarabağı nəzarətə götürüb və yüz minlərlə erməni qaçmağa məcbur olub”.
Amma materialda Ermənistanda və Qarabağda yaşayan etnik azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması haqda bir kəlmə də deyilmir.
Gördüyümüz kimi, verilişdə “Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkib hissəsidir”, “Qarabağ erməniləri müstəqillik uğrunda vuruşub”, “Azərbaycan Qarabağ üzərində nəzarəti bərqərar etdi” kimi açıq-aşkar ermənipərəst mövqe, saxta yanaşma özünü büruzə verib. Azərbaycana qarşı hərbi təcavüz, etnik azərbaycanlıların qovulması, Xocalı soyqırımı haqqında isə bir kəlmə də deyilməyib.
Obyektivlik naminə hesabat müəllifləri Azərbaycanın mövqeyini səsləndirə bilərdilər, lakin onlar bunun əvəzinə üstəlik, Qarabağı guya “yüz minlərlə” erməninin zorla tərk etməsi kimi daha bir ağ yalanı tirajlayıblar.
Bütün bu gəlişmələr Ştaynmayerin regiona səfərinin məqsədinin Cənubi Qafqazda uzunmüddətli sabitliyi və sülhü dəstəkləmək olduğunu və bu səfəri ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək siqnalı vermək istədiyi barədə bəyanatlarını ciddi şübhə altına alır. Təkrar edirik, təxribatçı verilişi yayımlayan dövlət TV-dir.
Xatırladaq ki, alman prezident İrəvanda olarkən qondarma rejimin əski parçasının şəklini paylaşmış, sonra Almaniya Prezident Administrasiyası üzrxahlıq etmiş, Ştaynmayer də Bakıda Qarabağın Azərbaycana aid olduğunu bildirmişdi.
O zaman o nə pəhriz, bu nə turşu?
Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında Avropanın daim ikiüzlü olmasından söz açdı: “Ümumiyyətlə, tək Almaniya deyil, bütün Avropanın siyasəti ikili standartlara və ikiüzlülüyə dayanıb. Onların bir məsələdə belə həqiqət axtarışları yoxdur. Sadəcə, maraqları var və daim bu maraqlardan çıxış edirlər. Məsələn, Azərbaycanda olanda maraqlarını təmin etmək üçün hər şeyi deməyə hazır idilər və dedilər də. Üzr istədilər. Amma indi görürsünüz, işlərini həll etmək üçün yenə də öz mövqelərinə qayıtdılar. Əslində bu erməni sevgisindən irəli gəlmir. Sadəcə olaraq, Azərbaycana təsir mexanizmlərini saxlamaq üçün Avropanın bir sıra ölkələri bu metoddan istifadə edir”.
Partiya başqanı söylədi ki, məsələn, Fransa, Almaniya, İtaliya, Rumıniya və s. bu kimi ölkələr telekanallarında desə ki, “Qarabağ Ermənistandır”, Qarabağ Ermənistan olmayacaq: “Və yaxud da desələr ki, Qarabağ kimindir? Onlar məsələ həll edəsidir ki? O məsələ artıq həll olunub. Azərbaycan Ordusu həll edib. Sadəcə, basqı kimi istifadə edib, maraqlarını təmin etmək istəyirlər. Amma Azərbaycan da bu siyasəti bilməli və hər an tədbirlər görməlidir. Buna uyğun da addımlar atılmalıdır. Yəni Ştaynmayer Azərbaycanda olanda biz ona təkcə "Qarabağ Azərbaycandır" dedirtməli deyildik, “Zəngəzur Azərbaycandır” da dedirtməli idik. Çünki biz bunların nə qədər ikiüzlü olduqlarını yaxşı bilirik. Azərbaycan əvvəlki Azərbaycan da deyil".
T.Abbaslı dedi ki, ermənilərin orada hüquqlarını qoruyan “demokratlar” niyə 30 ildir oradan didərgin salınanları, 4 minə yaxın insanın hələ də itkin olduğunu, kütləvi qətliamların həyata keçirildiyini, hərbçi olmayan insanların qətlə yetirildiyini demir: “Biz adekvat reaksiyalar verməliyik. Biz də Almaniyanın bu və ya digər məsələlərdə mövqelərini necə varsa göstərib, onlarla anladıqları dildə danışmalıyıq. Təbii ki, ikili standartlara malik olmayan dövlətlərdən asılı olmamağa çalışmalıyıq”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva bildirdi ki, Almaniya Azərbaycana qarşı açıq-aşkar qərəz nümayiş etdirir: “Görünür, Berlin Bakıdan rəsmi şəkildə üzr istəməsini həzm edə bilmir. Düşünürəm ki, Almaniyanın Azərbaycana qarşı ərazi iddiasına müvafiq olaraq rəsmi Bakı da analoji addım ata bilər. Məsələn, Azərbaycan Dövlət Televiziyası Bavariya Respublikası, onun iqtisadiyyatı, bütünlükdə Bavariya bölgəsinin federativ respublikanı bəsləməsi və onu ayaqda saxlayan əsas güc olması ilə bağlı silsilə materiallar verə bilər. Yəqin ki, ondan sonra siyasətə pivəxanadan gələn Ştaynmayer bir qədər ayıq başla məsələlərə baxacaq. Fikrimcə, indi Almaniyada siyasətin əyyaş üzü sayılan Ştaynmayer bizi ciddiyə almadan gedişlər etməyə başlayıb. Amma bunun nəticəsi federativ respublika üçün çox ağır olacaq. Almaniya 30 illik işğal dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi. Bəs indi nə baş verir? Deməli, Almaniya prezidentinə maliyyə donorluğu edən erməni milyarderlər tapılıb. Bəlkə də Almaniya bu yolla Azərbaycana təzyiq edərək separatçı milyarder Ruben Vardanyanı Bakıdakı təcridxanadan azad edib Almaniyaya aparmaq, onun Rusiyada qazandığı pulları elə Rusiyaya qarşı istifadə etməyi planlaşdırır. Amma bu baş verməyəcək”.