"Pestisidlər müxtəlif həyati risklər yarada bilir" — Mütəxəssis

GÜNDƏM 21 aprel 2025, 19:43
“Son illərdə istifadə olunan pestisidlər bitki sağlamlığını qorumaqla yanaşı bir çox hallarda doğru şəkildə istifadə olunmayan kimyəvi dərmanlar, gübrələr var. Bunlar birbaşa olaraq həm ətraf mühitə zərər vuraraq ekoloji risklər yaradır, eyni zamanda da bəzən düzgün istifadə olunmadıqda insan sağlamlığına da ziyan vurur”.

Bunu Demokrat.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova  bildirib.

O əlavə edib ki, bu, məhsulları istifadə etdikdə həm istifadə edən, eyni zamanda gələcəkdə həmin qidalarla qidalanan insanların sağlamlığında da ciddi problemlər ortaya çıxa bilər:

“Birinci növbədə bilmək lazımdır ki, bu pestisidləri, gübrələri və digər kimyəvi maddələri alarkən, istər ölkə daxilində, istər də xaricdən alınarkən onların istifadə qaydası dəqiq bilinməlidir. İstifadə qaydası ilə yanaşı istifadə edərkən həmin məhsulların istifadə olunacaq miqdarı və o insanların düzgün şəkildə bundan istifadə etməsi çox önəmlidir.  Çünki bir çox hallarda bəzən olur ki, bu kimi pestisidləri alıb doğru şəkildə saxlamırlar. Bu da birbaşa olaraq insan sağlamlığı və təbiətə ciddi zərərlər vurur. Bəzən ciddi zəhərlənmə şəkilində özünü göstərməsə də uzun müddət bu məhsullarla işləyən insanların gələcəkdə qara ciyər, böyrək və digər daxili orqanların funksiyasının pozulması və digər bu kimi sağlamlıq hallarında problemlərlə üzləşə bilərlər.  Eyni zamanda aldığımız meyvə tərəvəzlərin yaxşı yuyulmasına diqqət etməliyik”.

Mütəxəssisi diqqətə çatdırıb ki, bir çox hallarda bəzi məhsulların sirkəli su və yaxud sodada saxlanılmasına da  diqqətli olmaq lazımdır:

“Çünki əgər doğru şəkildə istifadə olunmursa, həmin kimyəvi dərman, pestisid qalıqları, eyni zamanda da meyvə tərəvəzin üzərində olanlar həmin əlavə etdiyin sirkə və yaxud da soda ilə müəyyən reaksiyaya girə bilər. Bu da bir çox fəsadlara yol aça bilər.  Eyni zamanda yaxşı olar ki, bu sahədə qanuna əlavələr, dəyişikliklər olunmalıdır. Məhsulların ölkəyə idxalı, istifadəsi, saxlanılması zamanı ciddi şəkildə qaydalara əməl olunmalıdır. Xüsusilə də bu sahədə çalışan insanlara mütəmadi təlimlər keçirilməlidir. Xüsusilə də artıq miqdarda istifadə olunan pestisidlər var ki, bunlar birbaşa olaraq həmin ərazinin biomüxtəlifliyinin məhv olmasına gətirib çıxardır ki, bunun başında biz arılara dəyən ziyanı göstərə bilərik. Arılar məhv olsa, dünya məhv olar. Eyni zamanda mütəmadi olaraq pestisidlərdən çox istifadə edən insanlar da bəzən zəhərlənmələr baş verə bilir. Pestisidlər müxtəlif həyati risklər yarada bilir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top