"İkinci uşağı planlaşdırmayan cəmiyyət 6 uşaq dünyaya gətirər? " — Uşaqların sayı sürətlə azalır

GÜNDƏM 17 aprel 2025, 16:21
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

Sosioloq Lalə Mehralı Demokrat.az-a bununla bağlı açıqlama verib.

O qeyd edib ki, bu, artıq bir neçə ildir ki davam edir:

“Evlənənlərin sayı azalır. Təbii olaraq bu da doğum sayına təsir göstərir. Xüsusilə də evlənəndən sonra ailələrin bir uşaqla kifayətlənməsi məsələsi də burada rol oynayır.  Biruşaqlı ailə modeli yayılır. Maksimum halda ailələr iki uşaqla kifayətlənir. İnsanları başa düşmək olar. İqtisadi vəziyyətə əvvəlki kimi deyil. Cəmiyyət maddi problemlərlə boğuşur. İnsanlar övladını təmin edə bilməməkdən qorxur.  Ciddi təminat məsələsi yaşadığı üçün fikirləşir ki, birdən artıq uşağı təminatını həyata keçirə bilməz. Sosial problemlər, maddi problemlər, iqtisadi çətinlik bunların hamısı rolu oynayır. Ata və ana hər ikisi işləmək məcburiyyətindədir ki, ailə yaşaya bilsin. Belə olan halda uşaqların baxım məsələsi gündəmə gəlir.  Ona görə də dövlətdən dəstək gözləyir hamı ki, dövlət bir əl atsın bu məsələyə. Uşaq sayının artımına görə müavinət məsələsi var. Amma çoxuşaqlılıq müavinəti 6 uşaqdan hesablanır. Bu gün 6 uşağa görə kim ailə sayını artırar ki?” 

O əlavə edib ki, insanlar 6 uşaq dünyaya gətirməyə cəsarət edə bilmir:

“İkinci uşağı planlaşdırmayan cəmiyyət 6 uşaq dünyaya gətirərmi? Ona görə sayından asılı olmayaraq, uşaqların hər birinə uşaq pulu təminatı ödənməlidir. Cəmiyyət olaraq ciddi formada bir aşınmanın ağuşandayıq. Bu yaxın gələcəkdə peşələrin icrasına təsir göstərəcək, sərhədlərin qorunmasında özünü göstərəcək. Yəni, biz adam tapmayacağıq ki uşaqlara dərs keçsin, sağlamlığımızın keşiyində dursun, təhlükəsizliyimizi təmin eləsin, sərhədlərin bütövlüyünü qorusun.  Elə bir vəziyyətə gəlib çıxacağıq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top