Avtovağzalda avtobus qıtlığı yaşanır? — Qiymət artımı ilə bağlı iddialara AGENTLİKDƏN CAVAB

SOSİAL 21 mart 2025, 21:51

Novruz bayramı münasibətilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin axını müşahidə olunub.

Bayram istirahətindən istifadə edən çox sayda vətəndaş bölgələrə üz tutub. Ancaq avtobus azlığı problemi sərnişinlərin saatlarla avtovağzalda qalmalarına səbəb olub.

Həmçinin bəzi sürücülərin sərnişin tələbinin artmasından istifadə edərək qiymətləri artırdıqları bildirilir. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təqdim olunan videoda yer alan nəqliyyat vasitəsi Bakı-Göyçay reysini həyata keçirən avtobusdur. Bu reys üzrə bütün biletlər 10 gün əvvəl onlayn şəkildə satılıb və avtobus platformaya zamanında təqdim olunub.

Videoda əks olunan digər nəqliyyat vasitələri isə Bakı-İsmayıllı reysini həyata keçirən avtobuslardır.

Agentlikdən verilən məlumata görə, avtovağzaldakı avtobusların çıxışı perronlara görə zonalaşdırılıb və eyni istiqamətdə hərəkət edən avtobuslar müxtəlif platformalarda dayanır. Buna görə də, videodakı iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunub.

Qeyd edək ki, Novruz bayramı günlərində paytaxtdan bölgələrə ümumilikdə 28 000-ə yaxın sərnişin daşınıb. Bayram tələbatını qarşılamaq məqsədilə 19-20 mart tarixlərində əlavə olaraq 285 reys təşkil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 mart 2025, 22:57
Top