Gündəlik həyatımızda mikroplastiklərdən necə qoruna bilərik?

GÜNDƏM 18 mart 2025, 16:20
Son illərdə aparılan tədqiqatlar göstərir ki, mikroplastiklər artıq təkcə okeanlarda və torpaqda deyil, insan orqanizmində də aşkarlanır. Hər gün istifadə etdiyimiz su, qida məhsulları və hətta nəfəs aldığımız hava ilə bu kiçik plastik hissəciklər bədənimizə daxil olur. Elm adamları mikroplastiklərin sağlamlığa mümkün təsirlərini araşdırır və bəzi nəticələr narahatlıq doğurur. Bu mikroskopik parçalar immun sisteminə, hormonal balansımıza və hətta ürək-damar sisteminə mənfi təsir edə bilər. Bəs biz gündəlik həyatımızda mikroplastiklərdən necə qoruna bilərik?

Mövzu ilə bağlı Demokrat.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova  bildirib ki, bu gün artıq plastik qablar, plastikdən hazırlanan qida qabları, su qabları, eləcə də geyimlərin əksəriyyətində istifadə olunan bir çox sintetik mənşəli xammal var ki, bunlar məhz mikroplastiklərdən hazırlanır:

“Plastiklər həyatımızın hər sahəsində bizi əhatə edir və bu, sağlamlığımıza ciddi zərər vurur. Bu zərər bir anda deyil, orqanizmdə yığılaraq müəyyən müddətdən sonra öz təsirini göstərir. Eyni zamanda nəzərə almaq lazımdır ki, iqlim dəyişiklikləri, plastik tullantıların ekosistemə və biosferaya vurduğu zərərlər qlobal problemə çevrilib. Dünyada bu istiqamətdə müxtəlif tədbirlər görülür. Biz də həyatımızın hər sahəsində plastik istifadəsini azaltmalıyıq. Birinci növbədə diqqət edilməli məqam qida məhsullarıdır. Hazırda bir çox yeməklər plastik qablarda satışa çıxarılır. Bu qablar əsasən bir dəfəlik istifadə üçün nəzərdə tutulsa da, bəzi insanlar onlardan gündəlik və uzun müddət ərzində istifadə edirlər. Hətta bəzən qidalarımızı bu plastik qablarda günlərlə saxlayırıq. Temperatur dəyişdikdə, xüsusən yüksək istilikdə, plastik qabların tərkibindəki mikroplastiklər yeməyə və suya keçərək insan orqanizminə daxil olur. Bu zərərləri minimuma endirmək üçün aldığımız qidaların təzə və təbii olmasına diqqət etməliyik. Açıq şəkildə satılan yerli meyvə və tərəvəzlərə üstünlük verməliyik. Əgər plastik qablarda satılan məhsullar alırıqsa, onları evə gətirdikdə dərhal digər sağlam qablara boşaltmalı və plastik qabları istifadə etməməliyik”.

Mütəxəssis onu da bildirib ki, su qablarına gəldikdə isə bu gün plastik butulkalar geniş istifadə olunur:



“Mümkün qədər plastik qablaşdırılmış sudan uzaq durmaq və özümüzlə şüşə qablarda su daşımaq daha sağlam seçimdir. Əgər plastik butulkalardan istifadə etməli olsaq, onları sərin yerdə saxlamağa, günəş işığına məruz qalmamasına diqqət etməli və yalnız bir dəfə istifadə edərək atmalıyıq. Geyim seçimi də plastikdən qaynaqlanan problemlərdən biridir. Sintetik materiallardan hazırlanmış geyimlər, xüsusilə də tanınmış brendlərin “təbiətə dost” adı altında istehsal etdiyi təkrar emal edilmiş geyimlər mikroplastiklərin yayılmasını artırır. Ona görə də pambıq, yun, kətan kimi təbii materiallardan hazırlanmış geyimlərə üstünlük verməliyik. İsrafa yol vermədən, mövcud geyimlərimizi qoruyaraq daha uzun müddət istifadə etməliyik.
Ekoloji problemlər baxımından plastik tullantıların idarə olunması mühüm məsələdir. Plastiklərin təbiətə atılması böyük ekoloji fəlakət yaradır. Çünki plastik tullantılar 400 ildən 1000 ilə qədər parçalanmadan qalır və ətraf mühitə ciddi zərər vurur. Buna görə də plastiklərin birbaşa təbiətə atılmasının qarşısı alınmalı, onların çeşidlənərək təkrar emala göndərilməsi təmin edilməlidir.

Tamamilə sintetik materiallardan qaçmaq mümkün deyil, çünki hətta gündəlik gigiyenik vasitələrin tərkibində belə mikroplastiklər mövcuddur. Buna görə də qablaşdırmada və istehsalda ekoloji cəhətdən sağlam seçimlərə üstünlük verilməlidir. Plastik qablarda satılan məhsulların istifadə müddəti diqqətlə izlənilməli, onlar düzgün şəkildə saxlanılmalı və bir dəfəlik istifadə üçün nəzərdə tutulduqlarına görə yenidən istifadə edilmədən atılmalıdır.

Bu sahədə davamlı maarifləndirmə aparılmalı, mikroplastik tullantıların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Plastik istifadəsini azaltmaq təkcə fərdi məsələ deyil, qlobal səviyyədə ölkəmizi, cəmiyyətimizi və dünyamızı qorumaq üçün vacib addımlardan biridir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top