“Buzov və quzu əti baha olduğu üçün sahibkarlar körpə heyvan satır”

SOSİAL 17 mart 2025, 18:10
“Ölkəmizin sosialist təsərrüfat sistemindən imtina edib azad iqtisadiyyata keçməsindən sonra çox ukladlı təsərrüfat sistemi yarandı. Həm fiziki, həm də hüquqi şəxs olaraq insanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladı. Burada əsas məqsəd qazanc əldə etməkdir. Məhz qazanc hərisliyi bir çox dəyərləri yoxa çıxarmağa başladı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyi Beyləqan rayon təmsilçisi, Beynəlxalq Əmək Təşkilatının təlimcisi Mehman Əliyev deyib.

O bildirib ki, bunlardan biri körpə buzov və quzunun kəsimə göndərilməsi ilə bağlıdır:

“Bazarda buzov və quzu əti yüksək qiymətə satıldığı üçün sahibkarlar həmin heyvanları satmağa başladı. Bu qərar sözsüz ki, öz mənfi təsirlərini göstərməkdədir. Statistika göstərir ki, ilbəil Azərbaycanda heyvanların artım dinamikası zəifləməkdədir. Doğru olaraq bu məsələni Milli Məclisdəki deputatlarımız qaldırırlar.

Xüsusilə, Aran rayonlarında otlaq sahəsinin azalması səbəbindən kənd təsərrüfatı səriştəli insanların sayı azalır. Gənclərimiz heyvandarlıqla məşğul olmaq istəmirlər. Bu və digər səbəblərə görə mal-qaranın sayı azalır. Azərbaycan özünü tamamilə ət ilə təmin edə biləcək ölkədir. Bunun üçün otlaq sahələri məhv edilməməli, dövlət torpaqlarının saflığı pozulmamalı, quzuların satışının qarşısı alınmalıdır.

Quzuların 6 aydan, buzovların 1 ildən sonra kəsiminə icazə verilməlidir. Əks halda biz statistikanın ildən-ilə pisləşdiyini müşahidə edəcəyik. Milli Məclis heyvanların kəsilməsi haqqında konkret yaş təyin etməlidir. Bunun üçün elmi biliyə ehtiyac yoxdur. İslam dinində kifayət qədər əsaslandırılmış məlumatlar var. Ölkənin ərzaq problemi olmaması üçün tədbirlər görülməlidir”.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top